...

İş adamı girov götürdüyü qədim qızıl saatı mənimsəyib - Məhkəmə

Hadisə Materials 14 Mart 2022 12:56 (UTC +04:00)
İş adamı girov götürdüyü qədim qızıl saatı mənimsəyib - Məhkəmə
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Dələduzluqda təqsirləndirilən, Ukraynada saxlanılaraq Azərbaycana gətirilən Maqsud Mahmudov qədim qızıl saatı mənimsəyib.

Trend-in məlumatına görə, bu fakt bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məlum olub.

Prosesdə ifadə verən zərərçəkmiş Nadir Mahmudov bildirib ki, o Maqsud Mahmudovun sahibi olduğu lombarda anasından yadigar qalan qızıl saatı qoyub: "Anamdan mənə qədim qızıl saat qalmışdı. Həmin saatın qızıl kimi qiyməti 1500-2000 manat olsa da qədimliyinə görə çox qiymətli idi. Həm də o mənim üçün çox dəyərli əşya idi. 3 il o saata görə mən Maqsud Mahmudovun lombardına faiz ödəmişəm. Sonradan əsas pulu ödəsəm də, saatı bu günə qədər ala bilməmişəm. Mən həmin saatı tələb edirəm".

Təqsirləndirilən şəxs Maqsud Mahmudov isə bildirib ki, Nadir Mahmudov götürdüyü pula görə faizi ödəməyib.

"Nadir saatı gətirib girov qoyub pul götürsə də, sonradan bir neçə ay faizi ödəməyib. Əgər pul ödənilmirdisə, əmlak 3 aydan sonra satışa çıxarılır. Həmin 3 ay müddət keçdiyi üçün də girov qoyulan saat satışa çıxarılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti