...

Bilirdim ki, viza alınmayacaq, pullarını götürüb qaçdım - Türkiyədə tutulan şəxs

Hadisə Materials 6 Aprel 2022 11:49 (UTC +04:00)
Bilirdim ki, viza alınmayacaq, pullarını götürüb qaçdım - Türkiyədə tutulan şəxs
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək Türkiyədən Azərbaycana ekstradisiya edilən Rövşən Zalovun işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Rövşən Zalov sərbəst ifadə verib.

O dələduzluğu bilərəkdən törətdiyini etiraf edib. Bildirib ki, əvvəllər müxtəlif işlərdə çalışsa da, sonradan atasının rəhbərlik etdiyi su filtrlərinin satışı şirkətində işləyib. "Orada işləyəndə Nərminə Dadaşova ilə tanış oldum. Sonra onun vasitəsilə Akifi tanımışam. Akifə söz verdim ki, ona viza düzəldəcəyəm. Bu məqsədlə ondan 21 min manat almışam. Düşünürdüm ki, səfirlikdə adam tapıb ona saxta viza düzəltdirəcəyəm. Elə oldu ki, işlər alınmadı, mən də pulu xərcləmişdim. Məcbur olub, bilet alıb Türkiyəyə qaçdım. Akifin şikayəti əsasında məni İnterpol vasitəsilə axtarışa verdilər. 2021-ci ildə Türkiyədə Atatürk Hava Limanında yaxalandım və Bakıya ekstradisiya olundum", - deyə təqsirləndirilən şəxs bildirib.

Təqsirləndirilən şəxs bildirib ki, həmçinin o Yeganə adlı xanımı da viza almaq adı ilə aldadaraq 6 min manat alıb: "Həmin pulu Akifdən götürmüşəm. Mən Akifə yalandan demişdim ki, Macarıstan səfirliyində tanışım var. Pulla saxta viza ala bilərəm. O da Yeganə xanımdan 6 min alıb mənə verdi. Amma heç biri alınmadı. Ona görə də ölkədən qaçdım. Çünki verilən pulları yemişdim.

Daha sonra Nəbi adlı şəxsdən də Akifin vasitəsilə 9 min manat almışam. Söz vermişdim ki, viza alıb Nəbi və onun ailəsini Macarıstan səfirliyi vasitəsilə Almaniyaya keçirəcəyəm. Əvvəlcədən bilirdim ki, bu iş alınmayacaq, amma pul lazım olduğu üçün dələduzluq elədim".

Proses aprelin 13-də davam etdiriləcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq şöbəsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Zalov Rövşən Azad oğlunun - 2017-ci il ərzində Bakı şəhərində özünü turizm şirkətinin rəhbəri kimi təqdim edərək Almaniyada yaşayıb işləmək üçün viza açdırmağı və göndərəcəyini vəd edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını (pul vəsaitlərini) ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dəladuzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Zalov Rövşən Azad oğlu barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Baş Prokurorluğun Türkiyənin Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Zalov Rövşən Azad oğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

R. Zalov Cinayət Məsəlləsinin 178-ci(dələduzluq) maddəsi ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti