Bakı. Trend:
Kürdəmirdə vətəndaşlara qarşı dələduzluq edən, həmçinin bir neçə rayon sakinindən hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən rayonun Xırdapay kənd sakini Aydın Məmmədov saxlanılıb.
Dindirilmə zamanı o, törətdiyi əməlləri etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, A.Məmmədov cari ilin
aprel-may ayları ərzində 4 rayon sakininin etibarından istifadə
edərək, onlara dayandırılmış təqaüdlərinin bərpa olunmasında
köməkliklər göstərəcəyi barədə yalan vədlər verib və onlara məxsus
ümumilikdə 10800 manat pulu ələ keçirib.
Bundan əlavə, saxlanılan şəxsin ətrafında aparılan istintaq
tədbirləri nəticəsində onun başqa cinayət əməllərinin üstü də
açılıb. Belə ki, sosial şəbəkələrdə aktiv iştirak edən A.Məmmədov
iki vətəndaşa qarşı hədə-qorxu gələrək, barələrində sosial
şəbəkələrdə rüsvayedici məlumatlar paylaşmamaq üçün onlardan
ümumilikdə 1200 manat pul alıb.
Faktlarla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları Aydın Məmmədovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Kürdəmir RPŞ-nə müraciət etmələri xahiş olunur.