...

"KAPİTAL" BANKIN FİLİALININ YOXA ÇIXMIŞ APARICI İQTİSADÇISININ MEYİDİ TAPILIB

Hadisə Materials 8 İyul 2005 13:03 (UTC +04:00)

Gədəbəy rayonun "Kapital" bankının filialının yoxa çıxmış aparıcı iqtisadçısı Arif Bayramovun meyidi 6 gün sonra hadisənin baş verdiyi ərazidən tapılıb. Axtarış zamanı iqtisadçının cəsədi Şəmkir-Gədəbəy yolunun 14-cü kilometrliyində aşkar edilib.

Gədəbəy rayon polis şöbəsindən verilən məlumata görə, hadisə yerinə növbəti baxış keçirən polis əməkdaşları yaxınlıqdakı kollardan birinə quzğunların toplaşdığını və kəskin iy müşahidə ediblər. Həmin yerdə aparılan axtarış nəticəsində cəsəd aşkar olunub. Kriminalistər meyidin bir neçə gün əvvəl orada olduğunu təsdiqləyiblər.

Müayinə göstərib ki, quzğunlar cəsədin üzünü və sol qolunu dirsəyədək dimdikləyərək parçalayıblar. Şəmkir məhkəmə ekspertizasında 3 saat davam edən müayinənin nəticələrinə görə A.Bayramovun ölümünə aldığı güllə yarasından sonra çoxlu qan itirməsi səbəb olub.

Məhkəmə tibbi ekspertizasının sədri Namiq Sadıqov Trend agentliyinin nümayəndəsinə bildirib ki,yaxın məsafədən, tüfəngdən açılan atəş mərhumun sağ çiyninə dəyib və bazu arteriyasını kəsib. Həmçinin müəyyən olunub ki, onun sağ və sol tərəfində 4 qabırğası sınıb.

Hazırda aparılan pulun və basqınçıların axtarışı davam edir.

Xəbər lenti

Xəbər lenti