...

Ötən il MDB ölkələrindən Azərbaycana 54 cinayətkar ekstradisiya edilib

Hadisə Materials 22 Mart 2006 12:40 (UTC +04:00)

Ötən il MDB ölkələri qarşısında qaldırılmış 155 vəsatət əsasında 54 nəfər axtarışda olan şəxs tutularaq Azərbaycanın istintaq orqanlarına təhvil verilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq əlaqələr Şöbəsinin rəisi Ruslan Hacıyev məlumat verib.

"Azərbaycan ərazisində cinayət törətmiş və MDB ölkələri ərazisində gizlənmiş şəxslərin ekstradisiyası ilə bağlı müraciətlər üzrə həmin ölkələrdə araşdırmalar əksər hallarda xeyli müddət vaxt tələb edir. Beynəlxalq Konvensiyanın müvafiq maddələrinə uyğun olaraq həmin şəxslərin vətəndaşlıqları, siyasi cəhətdən təqib olunub-olunmamaları və s. məqamlar araşdırılır, Azərbaycandan əlavə sənədlər tələb olunur. Onların Azərbaycana təhvil verilmələri məsələsində problem yaradan əsas səbəb gizləndikləri ölkənin vətəndaşlığını əldə etmələridir" - deyə R.Hacıyev bildirib.

R.Hacıyevin sözlərinə görə, əksər hallarda həmin şəxslər başqa ölkənin vətəndaşlığını qeyri-qanuni yollarla əldə edirlər. Belə olan halda Azərbaycanın hüquq-mühafizə orqanları bu şəxslərin vətəndaşlığı hansı yolla əldə etməsinə dair həmin ölkələr qarşısında təkrar vəsatətlər qaldırır.

Azərbaycanda cinayət törətmiş şəxslər əksər hallarda Rusiya Federasiyasında gizləndikləri üçün müraciətlərin də çoxu həmin ölkəyədir. MDB-nin digər ölkələrinə müraciətlərin sayı isə məhduddur.

Xəbər lenti

Xəbər lenti