...

Yer kürəsinin ən tənha varlığı ölüb

Maraqlı Materials 25 İyun 2012 14:46 (UTC +04:00)
İyunun 24-də Qalapaqos Milli Parkında Tənha Corc adlı nəhəng erkək su tısbağası ölüb.
Yer kürəsinin ən tənha varlığı ölüb

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir X.Murtuzayeva/

İyunun 24-də Qalapaqos Milli Parkında Tənha Corc adlı nəhəng erkək su tısbağası ölüb. Onun abinqdon fil tısbağalarının son nümayəndəsi olduğu güman edilir. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i BBC-yə istinadən xəbər verir.

Parkın rəhbərliyi tısbağaya qulluq edən park işçilərinin Tənha Corcu hərəkətsiz vəziyyətdə aşkar etdiklərini bəyan edib.

Alimlərin hesablamalarına görə, bu nəhəng tısbağa 100 il yaşayıp. Parkın əməkdaşları ölümün səbəbini müəyyən etmək üçün onu yaracaqlarını bildirirlər. Onların sözlərinə görə, tısbağa çox güman ki, mumiyalanacaq.

Qeyd etmək lazımdır ki, onilliklər ərzində zooloqlar Tənha Corcdan nəsil əldə etmək üçün uğursuz cəhdlər göstəriblər. Bunun üçün onu Qalapaqos adalarındakı analoji yarımnövlərin nümayəndələri ilə yaxınlaşdırmağa çalışıblar. Onlar iki dəfə yumurta qoysalar da, bala əldə etmək mümkün olmayıb.

Xatırladaq ki, Tənha Corc 1972-ci ildə Pinta adasında tapılıb və o vaxtdan da Qalapaqos adalarının məşhur simvolu kimi şöhrət qazanıb. Halbuki o zamana kimi həmin yarımnövün nümayəndələrinin kökünün kəsildiyi güman edilirdi.

Hər il adaya "dünyanın ən məşhur subayına" tamaşa etmək üçün 180 minə yaxın turist gəlirdi. Hətta onun haqqında "Tənha Corc: dünyanın ən məşhur tısbağasının həyatı və məhəbbəti" adlı kitab da yazılıb.

Qeyd etmək lazımdır ki, su tısbağaları istisnasız olaraq Qalapaqos adalarında məskunlaşan nadir tısbağa növüdür. Təbii şəraitdə onlar 200-250 ilədək,əsirlikdə isə 150 ilədək yaşaya bilərlər. Bu, Çarlz Darvinə özünün təkamül nəzəriyyəsini yaratmaqda kömək edən növlərdən biridir.

Xəbər lenti

Xəbər lenti