...

Britaniyada Avropa tarixində ən iri xəzinə tapılıb

Maraqlı Materials 27 İyun 2012 11:35 (UTC +04:00)
Avropa tarixində ən iri xəzinələrdən biri iki həvəskar arxeoloq tərəfindən Cersi adasında tapılıb.
Britaniyada Avropa tarixində ən iri xəzinə tapılıb

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir X.Murtuzayeva/

Avropa tarixində ən iri xəzinələrdən biri iki həvəskar arxeoloq tərəfindən Cersi adasında tapılıb. Gizli yerdən tapılan on minlərlə qızıl və gümüş sikkənin ümumi çəkisi ¾ tona çatır. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i Britaniyanın "Press Association" agentliyinə istinadən xəbər verir.

Ekspertlərin hesablamalarına görə, tapıntının iki min ildən çox yaşı var. Təxminən e.ə. 50-ci illərə aid edilən sikkələr müasir Bretanın şimalında məskən salmış kelt tayfası koriozolitlərin zamanında dövriyyədə olub.

Alimlər ağla sığmayan məbləğdə pulun romalıların yürüşləri ərəfəsində, yəni e.ə. I əsrin ortalarında legionerlərin Yuli Sezarın komandanlığı altında qal tayfalarını işğal etdiyi dövrdə Cersidəki fransız keltlər tərəfindən gizlədildiyini hesab edirlər.

Tədqiqatçılar hələlik sikkələrin dəqiq sayını müəyyən etməkdə çətinlik çəkirlər. Çünki ötən yüzilliklər ərzində gillə qarışan metal sıx şəkildə bir-birinə yapışaraq böyük külçəni xatırladır. İlkin qiymətləndirmələrə görə, bu rəqəm 30 mindən 50 min arasında dəyişə bilər. Bununla yanaşı, numizmatlar hər bir sikkənin dəyərinin 1-2 yüz funt sterlinq təşkil edə biləcəyini qeyd edirlər. Beləliklə, qədim xəzinənin ümumi dəyəri 5 milyondan 16,5 milyon dollaradək təşkil edə bilər.

Qeyd edək ki, Cersi adasının şərq sahillərində yerləşən Qruvil keçidindəki sahə yerli xəzinəaxtaranların diqqətini çoxdan cəlb edirdi. Sensasiyalı tapıntını aşkara çıxaran 70 yaşlı Req Med öz tərəfdaşı Riçard Maylzla birlikdə 30 ildən artıqdır ki, bu yerlərdə xəzinə axtardığını etiraf edib. Onları bu axtarışları aparmağa tufanın kökündən qopardığı ağacların altından tapılan sikkələr haqqında söhbətlər həvəsləndirib.

Xəbər lenti

Xəbər lenti