...

ABŞ Dövlət Katibliyi Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının tərəfdarıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Sentyabr 2007 12:11 (UTC +04:00)
ABŞ Dövlət Katibliyi Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının tərəfdarıdır

Azərbaycan, Bakı/ Trend , müxbir E.Hüseynov/ ABŞ Dövlət katibi müavininin köməkçisi Metyu Brayza hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və erməni-türk əlaqələrinin normallaşması Azərbaycan və Türkiyə arasında əlaqələrin gələcəkdə möhkəmlənməsinə kömək edəcək.

"Mən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və erməni-türk əlaqələrinin normallaşması üçün bütün enerjimi sərf etməyə hazıram, belə ki, bu məsələlərin həlli Azərbaycan və Türkiyə arasında əlaqələri möhkəmləndirəcək". Bu barədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Brayza Türkiyənin "NTV" kanalına müsahibəsində bəyan edib.

Erməni-Azərbaycan münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində yaranıb. Ermənistan Azərbaycana ərazilərinin 20 faizini işğal edib və Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur. Ermənistanla diplomatik əlaqələri olmayan Türkliyə Azərbaycanın ən yaxın müttəfiqi və strateji tərəfdaşıdır. Türkiyə 90-cı illərdən etibarən, Ermənistanla sərhədlərini bağlayıb. Türkiyə Ermənistanla normal əlaqələr üçün üç şərt irəli sürüb: Türkiyəyə qarşı ərazi iddialarına son qoymaq, Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını çıxarmaq, həmçinin, beynəlxalq arenada "Osmanlı imperiyası tərəfindən 1915-1918-ci illərdə törədilmiş erməni soyqırımının" tanınması barədə məsələni qaldırmamaq.

"ABŞ Türkiyə və Ermənistan arasında münasibətlərin yaxşılaşmasını müsbət qarşılayır. Yaxşı olardı ki, Ankara və İrəvan normal iqtisadi və diplomatik əlaqələr yaratmaqla, öz səyləri ilə mövqelərini yaxınlaşdırsınlar",-deyə Brayza söyləyib.

Brayza qeyd edib ki, ozü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədri olduğunda, bu prosesin nə qədər çətin olduğunu gözəl anlayır.

Amerikalı diplomat əlavə edib ki, bütün bu əngəllərin aradan qaldırılması Türkiyənin Avropa İttifaqına inteqrasiyasını sürətləndirəcək.

Xəbər lenti

Xəbər lenti