...

Qarabağ Azadlıq Təşkilatı ermənilərin Azərbaycana səfərləri ilə bağlı prezidentə müraciət ünvanlayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Oktyabr 2007 12:27 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı ermənilərin Azərbaycana səfərləri ilə bağlı prezidentə müraciət ünvanlayacaq

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Qarabağ Azadlıq Təşkilatı (QAT) ermənilərin Azərbaycana səfərləri ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayacaq. Bu barədə çərşənbə günü Trend ə QAT-ın sədri Akif Nağı məlumat verib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının mədəniyyət,təhsil və elm Komitəsinin bu gün Bakıda keçirilən toplantısında Ermənistan parlamentinin deputatı Styopa Safaryan da iştirak edir. Bundan əvvəl, MDB ölkələri daxili işlər nazirlərinin sentyabrın 5-də Bakıda keçirilmiş toplantısında Ermənistan nümayəndələri, həmçinin, sentyabrın 14-23-dək keçirilən güləş üzrə dünya çempionatında erməni idmançıları iştirak ediblər.

QAT Ermənistan nümayəndələrinin Azərbaycana səfərlərini milli maraqlarımıza zidd hesab edir, Azərbaycanın işğalçı ölkəyə qarşı mövqeyinin yumşalmasının əleyhinədir.

Təşkilat erməni deputatın Bakıya gəlişi ilə əlaqədar nəzərdə tutduğu etiraz aksiyasını təxirə salıb. Akif Nağı bildirib ki, hakimiyyət bu kimi aksiyalara reaksiya vermədiyi üçün, QAT daha təsirli addımlara əl atmağa məcbur olacaq: "Məsələn, biz Bakıya gələn ermənini girov götürə bilərik, amma istəmirik ki, Azərbaycan dövlətinin imicinə ziyan dəysin"-deyən QAT sədri əlavə edib ki, radikal addımlara əl atmazdan əvvəl, Azərbaycan hakimiyyətinin Qarabağ məsələsində mövqeyini dəqiqləşdirmək niyyətindədir.

Buna görə də QAT Ermənistan nümayəndələrinin rəsmi səviyyədə Azərbaycana mütəmadi səfərlərinə aydınlıq gətirilməsi tələbi ilə dövlət başçısına müraciət edəcək: "Əgər torpaqlar ermənilərə təhvil verilibsə, bunu açıq şəkildə bildirsinlər. Yox, əgər belə deyilsə, onda düşmən ölkə ilə niyə düşmən kimi davranılmır? Biz müraciətimizdə xahiş edəcəyik ki, prezident bu məsələlərə aydınlıq gətirsin"-deyə QAT sədri bildirib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında, hələlik səmərəsiz olan sülh danışıqları aparılır.

QAT Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə, 2000-ci ildə Bakıda yaradılıb. Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalıları, qaçqın və məcburi köçkünləri, gənclər, keçmiş döyüşçülər, ehtiyatda olan yüksək rütbəli zabitləri birləşdirir.

Xəbər lenti

Xəbər lenti