...

Azərbaycan Yaşıllar Partiyası Dağlıq Qarabağ münaqişəsini "vətəndaş-hökumət" problemi kimi dəyərləndirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2007 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Yaşıllar Partiyası Dağlıq Qarabağ münaqişəsini "işğal edilmiş ərazi problemi" kimi deyil, ABŞ-ın təsiri ilə formalaşmış "vətəndaş-hökumət" problemi kimi dəyərləndirir. Bu barədə partiyanın sədri Mais Güləliyev cümə günü təşkil etdiyi "ABŞ-ın Qarabağ düyünü" mövzusunda keçirilən Dəyirmi masada açıqlama verib.

Partiya sədri hesab edir ki, xarici dövlətləri daxildən parçalamaq, hökumətlərindən güzəştlər qoparmaq, lazım olan vaxtda müxalifəti hakimiyyətin üstünə qaldırmaq ABŞ-ın xarici siyasətinin mahiyyətidir: "Müxtəlif ölkələrin parçalanması və nəzarətə alınması üçün ABŞ həmişə milli münaqişələrin və etnik konfliktlərin yaranmasını dolayısıyla dəstəkləyib" - deyən Güləliyev əlavə edib ki, Qarabağ münaqişəsinin hər hansı formada həlli onun etnik səviyyədən "vətəndaş-hökumət" səviyyəsinə transformasiya olunmasını tələb edir.

"Azərbaycanda yaxşı idarəçilik qurulacaqsa, Qarabağ probleminin həll variantlarından asılı olmayaraq, bu sülhdən həm Azərbaycan, həm Ermənistan cəmiyyəti udacaq" - deyə partiya sədri bildirib.

Yaşıllar Partiyası həmçinin hesab edir ki, Azərbaycanın NATO-ya qoşulması Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəinki mümkün etmir, əksinə, uzun müddət üçün dondurulmasını stimullaşdırır.

Dəyirmi masa iştirakçılarından bəziləri Yaşıllar Partiyasının mövqeyi ilə razılaşmayıblar. Müstəqil politoloq Razi Nurullayev bildirib ki, ABŞ-ın Qarabağ məsələsinə dair mövqeyi digr ölkələrin mövqeyindən fərqlənmir - o, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və s. Nurullayev hesab edir ki, ABŞ-ın ermənilərdən işğal etdikləri Qarabağdan çıxmalarını tələb etməsi isə mümkün deyil.

Ermənistan 1988-ci ildən Azərbaycana qarşı ərazi iddialarını irəli sürüb və Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti