...

Qarabağ Azadlıq Təşkilatı Azərbaycanın Ermənistanla sülh danışıqlarını dayandırmasını tələb edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2007 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin toplantısında çıxarılan qərarda Azərbaycanın Ermənistanla apardığı sülh danışıqlarını dayandırması tələb edilir. Bu barədə bazar ertəsi Trend ə QAT-dan məlumat verilib.

Ali Məclisin qəbul etdiyi qərarda bildirilir ki, Minsk qrupu formatında aparılan danışıqlar Azərbaycanın milli maraqlarına və Azərbaycana qarşı Ermənistan tərəfindən törədilmiş işğal faktı reallıqlarına uyğun gəlmir. Ona görə də Azərbaycan bu danışıqlardan imtina etməlidir.

Qərarda həmçinin deyilir ki, "xalq diplomatiyası"nın fəallaşdırılması cəhdləri də birbaşa işğalçı Ermənistanın maraqlarına xidmət edir və bu prosesdə Azərbaycan hakimiyyətinin, istənilən bir qurumun və yaxud şəxsin iştirakının qarşısı alınmalıdır.

QAT-ın Ali Məclisi həmçinin "xalq diplomatiyası"na son qoyulması üçün bir sıra yeni təsirli mübarizə formaları müəyyən edib. Lakin bu mübarizə metodlarının nədən ibarət olması barədə KİV-ə açıqlama verilməyib.

QAT-ın Ali Məclisi eyzi zamanda ictimai, siyasi qurumlara, hüquq müdafiəçilərinə və beynəlxalq təşkilatlara ünvanlanmış müraciət qəbul edib. Müraciətdə QAT üzvlərinə qarşı hakimiyyət tərəfindən törədilən zorakılıqlara bu qurumların heç bir reaksiya verməməsi pislənilir, onların "yalnız sözdə insan haqlarını müdafiə etdikləri" və əslində "özlərinin qrup və qrant maraqlarını hər şeydən üstün tutduqları" vurğulanır.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında hələlik səmərəsiz sülh danışıqları davam etdirilir.

QAT Qarabağın işğaldan azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb. Qurumun rəhbəri tarix elmləri namizədi, dosent Akif Nağıdır. Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalılarını, qaçqın və məcburi köçkünləri, gəncləri, keçmiş döyüşçülər, ehtiyatda olan yüksək rütbəli zabitləri birləşdirir.

Xəbər lenti

Xəbər lenti