...

Vitse-spiker:"Dağlıq Qarabağ münaqişəsini törədənlər imkan versələr, ermənilər Azərbaycanın tərkibinə qayıdarlar"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Oktyabr 2007 14:55 (UTC +04:00)
Vitse-spiker:"Dağlıq Qarabağ münaqişəsini törədənlər imkan versələr, ermənilər Azərbaycanın tərkibinə qayıdarlar"

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Dağlıq Qarabağ münaqişəsini törədənlər imkan versələr, Dağlıq Qarabağda yaşayan ermənilər böyük məmuniyyətlə Azərbaycanın tərkibinə qayıdarlar.

"Bir çox hallarda Dağlıq Qarabağ problemi dinlər və xalqlar arasında baş vermiş münaqişə kimi təqdim olunur. Amma bu qətiyən belə deyil. Bu münaqişə ya hakimiyyəti əldən buraxmaq istəməyənlərin, ya da hakimiyyəti ələ keçirmək istəyənlərin qurduğu oyundur", -deyə Azərbaycan parlamentinin vitse-spikeri Valeh Ələsgərov çərşənbə günü Bakıda Almaniya Bundestaqının (parlament) deputatı Suzanne Yaffkenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1988-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin may ayının 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş imzalanıb. Buna baxmayaraq, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəs tez-tez pozulur. ATƏT-in Minsk qrupu həmsədrlərinin (ABŞ, Rusiya və Fransa) vasitəçiliyi ilə 13 ildir davam edən sülh danışıqları hələ də bir nəticə verməyib.

Ələsgərov bildirib ki, Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgə kimi münaqişələri yaradanlar bununla SSRİ imperiyasının dağılmasının qarşısını almaq istəyirdilər: "İndii bu münaqişələrin həll olunmasına imkan verməyənlər, bundan imperiyanı bərpa etmək üçün istifadə edirlər".

Vitse-spiker vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın ən ağrılı problemidir. Lakin Avropada bu ağrını hiss etmirlər.

Azərbaycanın tolerant dövlət olduğunu qeyd edən Ələsgərov bildirib ki, ölkədə yaşayan bütün dinlərin nümayəndələrinə və xalqlara bərabər şərait yaralılıb.

"Ermənistan isə, dünyada yeganə ölkədir ki, orda ermənilərdən başqa heç bir millətin nümayəndəsi yaşamır. Əgər ermənilərin yaşadığı bütün ölkələrdə erməni dövləti yaradılsa,gərək dünyada 7-8 erməni dövləti olsun", -deyə Azərbaycan parlamentinin sədr müavini əlavə edib.

Suzanne Yaffke isə bildirib ki, Almaniya Bundestaqında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qrup fəaliyyət göstərir. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinə oxşar problemlərin qarşısını demokratik inkişaf, təhsil səviyyəsinin yüksəldilməsi və gənclərdə tolerantlığı artırmaqla almaq olar.

Xəbər lenti

Xəbər lenti