...

XX əsrin dəhşətli qətliamı - Xocalı soyqırımından 16 il ötür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2008 01:11 (UTC +04:00)

Fransa, Strasburq, 26 fevral / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın Xocalı şəhərində erməni silahlı quldurları tərəfindən törədilmiş soyqırımdan 16 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı amansız qətliam törədildi, bir gecədə Xocalı şəhəri yerlə-yeksan edildi, dinc əhaliyə vəhşicəsinə divan tutuldu. Bütün sivilizasiya normalarına zidd olan bu qanlı aksiyanı erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşdirilmiş 366-cı motoatıcı alayının hərbi qulluqçularından və zirehli texnikasından istifadə edilməklə törədiblər. Həmin alayın şəxsi heyətində milliyyətcə erməni olan 40-dan çox zabit və gizir vardı. Qətliamda 613 nəfər Xocalı sakini amansızcasına öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70 nəfəri ahıl yaşda insanlar olub. Erməni vəhşiləri 8 ailəni tamamilə məhv edib, 487 nəfəri şikəst edib, Xocalı şəhərinin 1275 sakini - qocalar, uşaqlar və qadınları girov götürüb, bu insanlara ağlasığmaz işgəncələr veriblər. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Sağ qalmış Xocalı sakinləri ifadələrində bildiriblər ki, həmin gecə piyadaların döyüş maşınları və zirehli transportyorlar şəhər sakinlərini əzib keçirdi. Qocalara, qadınlara və uşaqlara yaxın məsafədən atəş açırdılar, əsir düşənlərin başlarının dərisini soyur, dırnaqlarını çıxarır, hətta ölülərə də əzab verir, onların gözlərini çıxarır, qulaqlarını kəsirdilər. Fransalı jurnalist Jan-İv Yunet: Biz Xocalı faciəsinin şahidləri olduq, həlak olmuş yüzlərlə dinc sakinin - qadınların, uşaqların, qocaların, eləcə də Xocalını müdafiə edənlərin cəsədlərini gördük... Bu, dəhşətli mənzərə idi. Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişdim. Lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qətlə yetirən ermənilər faşistləri də geridə qoymuşdular... Rusiyanın "İzvestiya" qəzetinin müxbiri V.Belıx: Ağdama vaxtaşırı cəsədlər gətirilir. Ermənilər həlak olmuş bu insanların cəsədlərinin müqabilində qarşı tərəfdən adamları girov götürürlər. Gecənin qaranlığında bu insanların çıxarılmış gözlərini, kəsilmiş qulaqlarını, dərisi soyulmuş, bədəndən ayrılmış başlarını görəndə adam dəhşətə gəlir. Bir neçə cəsədi kəndirlə bir-birinə bağlayıb, zirehli transportyora qoşaraq sürümüşdülər. İşgəncələrin həddi-hüdudu yoxdur... "Sandi tayms" qəzetinin müxbiri: Erməni əsgərləri yüzlərlə azərbaycanlıya divan tutmuşlar... Ermənilər bu insanlara fasiləsiz atəş açır, sonra onları süngülərlə dəlik-deşik edir, bıçaqla doğrayırdılar. Bir oğlanın qulağı kəsilmişdi. "Vaşinqton post"un müxbiri: Cəsədlər arasında iki uşaq və üç qadın meyiti vardı. Onlardan birinin sinəsinə yaxın məsafədən atəş açılmışdır. Ağdam hospitalına gətirilmiş 120 qaçqının çoxunda süngü yarası vardı... Parisdə çıxan "Le Mond" qəzetinin müxbiri: Şəhərdən qaçan qadınlara və uşaqlara yaxın məsafədən avtomat silahlardan atəş açılmışdır. Üç nəfərin başının dərisi soyulmuş, barmaqları kəsilmişdir. Londonda çıxan "Tayms" qəzetinin müxbiri yazırdı ki, onun gördüyü adamların çoxu eybəcər hala salınmış, balaca qızcığazın isə, yalnız başı qalmışdır... Rusiyanın "Memorial" hüquq müdafiəsi Mərkəzi də təsdiq etmişdir ki, ermənilər hətta ölüləri də təhqir edirdilər. Bu Mərkəz bir azərbaycanlının diri-diri başının dərisinin soyulması faktını qeydə almış və xocalılıların həlak olması səbəblərini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası aparmışdı.

Azərbaycan parlamenti Xocalı qətliamına siyasi qiymət verərək, bunu soyqırım kimi tanıyıb.

Xəbər lenti

Xəbər lenti