...

İnsanlar Minsk qrupundan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gözlədiyi nəticəni ala bilmirlər – vitse-spiker

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2008 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Parlamentinin vitse-spikeri Bahar Muradova ictimai-siyasi təşkilatların ATƏT-in Minsk qrupunun buraxılması tələbləri ilə razı deyil.

"Bu məsələdə Azərbaycan dövlətinin rəsmi mövqeyini daha düzgün hesab edirəm"-deyə Muradova bazar günü jurnalistlərə açıqlamasında bildirib.

BMT Baş Assambleyasının 62-ci sessiyasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət haqqında" Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi qətnamə layihəsi qəbul edilib. Qarabağ münaqişəsinin dinc yolla həlli məqsədilə Ermənistanla Azərbaycan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunda həmsədr ölkələrin hər üçü - ABŞ, Rusiya və Fransanın nümayəndələri bu qətnamənin əleyhinə - dolayısıyla Azərbaycanın ərazi bütövlüyünün əleyhinə səs veriblər.

Bu mövqeyə etiraz olaraq Azərbaycanın ictiami, siyasi qurumları Minsk qrupunun buraxılması, həmsədr dövlətlərin vasitəçiliyindən imtina olunması tələbi ilə kampaniyaya başlayıblar.

Milli Məclisin vitse-spikeri bildirib ki, Azərbaycanın təqdim etdiyi qətnamənin qəbulunu, səs verənlərin sayını məqbul hesab edir. Çünki bir neçə il əvvəl Azərbaycan buna da nail ola bilmirdi.

"Ayrı-ayrı dövlətlər bu kimi məsələlərə öz siyasi, iqtisadi maraqları baxımından yanaşırlar. Ona görə də başqa dövlətləri Azərbaycanın xeyrinə addım atmağa vadar etmək bizim imkanımız xaricindədir. Amma daha geniş imkanlı, aparıcı dövlətlər bu qətnamənin əleyhinə səs verməsi üçün başqa dövlətlərə təzyiq göstərmişdi və bu, biz tərəfdən çox təəssüflə qarşılanır"-deyə vitse-spiker bildirib.

Muradova həmçinin qeyd edib ki, Azərbaycan hökuməti Minsk qrupunun buraxılması və ya tərkibinin dəyişdirilməsi proseduru ilə əlaqədar ATƏT Katibliyinə sorğu göndərib. Muradova hesab edir ki, Azərbaycan ictimaiyyətinin Minsk qrupunda həmsədr dövlətlərin mövqeyinə etirazlarını normal qarşılamaq lazımdır: "Çünki insanlar uzun illərdir Minsk qrupundan gözlədiyi nəticəni ala bilmir, onların münasibəti ilə razılaşmırlar və bu da təbiidir. Amma istənilən halda, sülh danışıqlarının Minsk qrupunun vasitəçiliyi ilə hələlik davam etdirilməsi ilə bağlı dövlətin rəsmi mövqeyini dəstəkləmək lazımdır"-deyə vitse-spiker qeyd edib.

Xəbər lenti

Xəbər lenti