...

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Minsk qrupunun tərkibinə dəyişiklik edilməsini zəruri sayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2008 13:13 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Minsk qrupunun tərkibinə dəyişiklik edilməsini zəruri sayır

Azərbaycan, Bakı, 02 aprel / Trend ", müxbir E.Hüseynli/ Dağlıq Qarabağın azərbaycanlı İcmasının rəhbəri hesab edir ki, beynəlxalq hüquq normalarına riayət etməyən dövlət Minsk qrupu həmsədrliyindən çıxmalıdır. "Həmsədr ölkələr Minsk qrupunun fəaliyyətini dondurub" çərşənbə günü Trend "a icmanın rəhbəri Nizami Bəhmənov bildirib.

BMT Baş Assambleyasının 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" Qətnamə qəbul olunub.

Qətnamədə Azərbaycanın bütün işğal olunmuş ərazilərindən Ermənistan Silahlı Qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.

Münaqişənin həlli istiqamətində vasitəçilik edən Minsk qrupu ölkələri-Rusiya, Fransa və ABŞ səsvermədə Qətnamənin əleyhinə çıxıblar.

ATƏT-in Minsk qrupu isə hesab edir ki, BMT-də qəbul olunan Qətnamə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə sülh prosesi üçün təhlükə yaradır.

Rəsmi Bakı hesab edir ki, Qətnamə layihəsinə qarşı çıxış etməklə həmsədrlər özlərini olduqca çətin vəziyyətdə qoyublar. Xarici İşlər Nazirliyi həmsədrlərin və təmsil etdikləri ölkələrin dəyişdirilməsi prosesinin öyrənilməsinə dair məktubla ATƏT-in Baş Ofisinə müraciət edib.

Bəhmənov deyib ki, danışıq proseslərinə həmsədrlik edən ölkələr BMT-nin 62-ci sessiyasında qəbul olunan Qətnaməyə səsvermədə bitərəf qalmalı idilər. "Beynəlxalq hüquq normalarına söykənən BMT-nin Qətnaməsinə həmsədr ölkələr əleyhinə səs verməklə ciddi səhv etdilər" - deyə icma rəhbəri əlavə edib. Minsk formatının Azərbaycanı qane etdiyini deyən Bəhmənov hesab edir ki, Minsk qupuna üzv olan 13 dövlətin hamısı danışıqlar prosesində aktiv olmalıdır və həmsədr ölkələr hər hansı qərar çıxaranda həmin ölkələrlə məsləhətləşmələr aparmalıdır.

ATƏT-in Minsk qrupuna - Almaniya, Türkiyə, Çexiya, Belarus, İsveç, İsveçrə, Finlandiya, Rusiya, Fransa, ABŞ, İtaliya, Niderland, Portuqaliya daxildir.

Bəhmənov deyib ki, həmsədrlər Minsk qrupuna üzv olan ölkələrin fəaliyyətini kənarlaşdırıb. Ona görə də Minsk qrupunun fəaliyyəti iflic vəziyyətinə düşüb. "İcmanın mövqeyi ondan ibarətdir ki, bütövlüklə Minsk qrupunun fəaliyyəti canlanmalıdır, qrupa üzv olan ölkələrin hamısı danışıqlar prosesində iştirak etməlidir" - Bəhmənov əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələki nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti