...

Azərbaycanın İctimai Şurası Qarabağa səfər üçün müraciət edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2008 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir S.İlhamqızı/ Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şura Azərbaycan ziyalılarının Qarabağa səfərini uğurlu addım kimi dəyərləndirərək, hesab edir ki, səfərlər davam etdirilməlidir. Trend un məlumatına görə, İctimai Şuranın cümə axşamı keçirilən toplantsında qərara alınıb ki, səfərlərin təşkil edilməsi üçün Qarabağ Şurası üzvləri adından müvafiq qurumlara müraciət qəbul olunsun.

Şuranın toplantısında bildirilib ki, BMT-nin Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə dair qəbul olunmuş Qətnaməyə Minsk Qrupu həmsədrlərinin müdaxilə imkanları olub. Lakin onlar bu imkanlardan istifadə etməyiblər.

Şurada təmsil olunan politoloqlar bildiriblər ki, bir çox ölkələrin BMT-dəki səsvermədə bitərəf mövqedən çıxış etməsinin səbəblərindən biri də Qətnamənin birtərəfli, yəni bir sponsor tərəfindən təqdim edilməsidir: "Adətən, sessiyanın gündəliyi iştirakçılara 30 gün əvvəldən təqdim olunur və belə bir layihənin müzakirə olunacağını bildikdə, onlar sponsorların kimliyinə və sayına fikir verirlər. Bir sponsorlu layihələr olduqda isə, onlar neytral qalmağa üstünlük verirlər ki, belə məsələlərdə tərəfdaş ölkələrlə fikir ayrılığına düşməsinlər"-deyə politoloq Rasim Musabəyov bildirib.

Politoloqlar Azərbaycanın növbəti addım kimi Beynəlxalq Məhkəməyə müraciət etməsini vacib sayırlar. Çünki Beynəlxəlq Məhkəmə, BMT-də qəbul olunmuş Qətnaməyə əsasən, bu və bundan əvvəlki Qətnamələrin icrasını tələb edəcək qərar çıxarmaq səlahiyyətinə malikdir.

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şurada müstəqil politoloqlar, hüquq müdafiəçiləri təmsil olunur.

Ötən ilin yayında Azərbaycanın bir qrup ziyalısı işğal altında olan Qarabağa və Ermənistana səfər etmişdi.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağ ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti