...

"Avropa Şurası Dağlıq-Qarabağ münaqişəsinin həlli prosesi ətrafında fəaliyyətini davam etdirəcək" – AŞ Monitorinq komitəsinin keçmiş başçısı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Aprel 2008 00:43 (UTC +04:00)
"Avropa Şurası Dağlıq-Qarabağ münaqişəsinin həlli prosesi ətrafında fəaliyyətini davam etdirəcək" – AŞ Monitorinq komitəsinin keçmiş başçısı

Azərbaycan, Bakı, 13 aprel / Trend / Regionda destabilizasiya faktoru və beynəlxalq hüququn pozulmasının bariz nümünəsi olan Dağlıq-Qarabağ münaqişəsinin həlli prosesi ətrafında Avropa Şurası fəaliyyətini davam etdirəcək. Trend un ANS telekanalına istinadən verdiyi məlumata əsasən, bu barədə Almaniya parlamentinin üzvü, Avropa Şurası Monitorinq komitəsinin keçmiş başçısı Edvard Lintner deyib.

Onun sözlərinə görə, Avropa Şurası Azərbaycanın işğal olunmuş ərazilərinə dair bir neçə çıxış edib.

"Biz dəfələrlə Ermənistanın işğal etdiyi əraziləri boşaltmasına və qaçqınların qayıtmasına dair fikir söyləmişik. Bütün tədbirlərdə Azərbaycanın ədalətli mövqeyini vurğulamışıq. Lakin, erməni-azərbaycan münaqişəsinin həlli prosesi ilə birbaşa ATƏT-in Minsk qrupunun həmsədirləri və iki ölkənin hökümətləri məşğul olurlar", deyə, o bildirdi.

İşğala məruz qalmış ölkənin höküməti daha hansı kompromislərə getməlidir sualına, Lintner belə cavab verib: "Münaqişənin həllinə başlamazdan əvvəl, Ermənistan işğal etdiyi əraziləri boşaltmalı, qaçqınları qaytarmalıdır və yalnız bundan sonra referendumun keçirilməsindən və bölgənin statusundan danışmaq olar".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti