Azərbaycan, Bakı, 14 aprel / Trend müxbir E.Hüseynli/ ATƏT-in fəliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sabah Azərbaycanın Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçiriləcək. Bu barədə bazar ertəsi Trend -a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir. Atəşkəs rejiminin qorunması üçün ATƏT qoşunlarin təmas xəttində monitorinq aparır.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun köməkçiləri Piter Ki və Antal Herdiç keçirəcəklər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, İrci Aberle və Jaslan Nurtazin keçirəcəklər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]