...

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri razılığın əldə edilməsinə yaxındırlar – Terri Devis

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Aprel 2008 16:43 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin tərəfləri razılığın əldə edilməsinə yaxındırlar – Terri Devis

Fransa, Strasburq, 16 aprel/ " , müxbir A.Məhərrəmli/ Avropa Şurasının baş katibi Terri Devis hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri razılığın əldə edilməsinə yaxındırlar.

"Mən hər iki ölkə XİN rəhbərləri ilə görüşmüşəm və onlarla müzakirələr aparmışam. Məndə belə təəssürat yaranıb ki, hər iki tərəf razılığa yaxındır. Hesab edirəm ki, biz buna ümid etməliyik və yaxın vaxtlarda razılıq əldə ediləcək", - Devis bu gün Strasburqda keçirilən mətbuat konfransında bildirib.

Avropa Şurasının baş katibi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesinin uzanmasından təəssüf etdiyini bildirib. "ATƏT-in Minsk Qrupu uzun müddətdir ki, münaqişənin həllinə nail olmağa çalışır. Lakin razılaşmaq lazımdır ki, münaqişə tərəflərini Minsk Qrupunun təklif etdiyi münaqişənin həll variantlarını qəbul etməyə zorla məcbur etmək olmaz. Minsk Qrupu nizamlanma variantının axtarışında yalnız vasitəçi rolunu oynayır", - Devis bildirib və əlavə edib ki, rəsmi Bakının Minsk Qrupunun çoxillik fəaliyyətini tənqid etməsini anlayışla qarşılayır.

Devis əmindir ki, münaqişənin dinc yolla nizamlanması region sakinlərinin özlərinin də maraqlarındadır. O, regionda militarist ruhun son zamanlar sakitləşdiyini və bunun sülhə nail olmaq üçün yardım olacağını bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti