...

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü yaxın vaxtlarda baş tuta bilər – amerikalı diplomat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Aprel 2008 13:50 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü yaxın vaxtlarda baş tuta bilər – amerikalı diplomat

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ ətrafında münaqişənin nizamlanması üzrə şəxsi görüşü "ən yaxın vaxtlarda" baş tuta bilər. İTAR-TASS -ın verdiyi xəbərə görə, bu barədə cümə axşamı ABŞ Dövlət katibinin Avropa və Avroasiya işləri üzrə köməkçisinin müavini Metyu Brayza bildirib.

ABŞ xarici siyasət idarəsinin əməkdaşı qanunvericilərin Əliyev və Sarkisyan arasında danışıqların məhz nə zaman keçirilə biləcəyini dəqiqləşdirməyə dair xahişlərinə birmənalı cavab verməyib. Brayzanın sözlərinə görə, bu kimi görüşün təşkil edilməsi "ayların işi ola bilər". Əliyev və Sarkisyan arasında danışıqları hazırlamalı olan Azərbaycan və Ermənistan XİN başçıları "bir aydan sonra və ya bu müddət ərzində görüşə bilərlər", - deyə amerikalı diplomat bildirib.

Bununla yanaşı, o, yenidən təsdiq edib ki, Vaşinqtonun nöqteyi-nəzərindən Dağlıq Qarabağ ətrafındakı vəziyyət hərbi həllə malik deyil. Brayza bildirib ki, ABŞ-ın nəzərində bu məsələ Ermənistan və Azərbaycan liderlərindən güzəştli "siyasi razılaşma"nın əldə edilməsini tələb edir. O, həmçinin Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin daha səmərəli olmamasına dair ehtimallarla razılaşmayıb. Dövlət katibi köməkçisinin müavini bildirib ki, Qrupun işi "böyük əhəmiyyətə" malikdir və "olduqca faydalıdır".

Brayza ABŞ Konqresi yanında fəaliyyət göstərən Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə ikipartiyalı Komissiyanın /Helsinki Komissiyası/ cümə axşamı Ermənistandakı vəziyyətə həsr olunan iclasında çıxış edib. Bu orqanın sədri nümayəndələr palatasının üzvü Elsi Xestinqs / Florida ştatından, demokrat/, həmsədr isə senator Bencamin Kardindir / Merilend ştatından, demokrat/.

Xəbər lenti

Xəbər lenti