...

Azərbaycanın XİN rəhbəri Ermənistanın yeni XİN rəhbəri ilə görüşəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2008 16:43 (UTC +04:00)
Azərbaycanın XİN rəhbəri Ermənistanın yeni XİN rəhbəri ilə görüşəcək

Azərbaycan, Bakı, 23 aprel/ Trend , müxbir K.Ramazanova/ Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan mayın əvvəlində Strasburqda görüşəcəklər. Bu barədə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernard Fasye telefonla Vyanadan Trend -a məlumat verib.

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü, nazirlərin mayın 7-nə planlaşdırılan Avropa Şurası Nazirlər Kabinetinin xüsusi iclasında iştirakı çərçivəsində baş tuta bilər. Bu iclasda təşkilata sədrlik Sloveniyadan İsveçə keçməlidir.

Bu, Azərbaycan XİN rəhbərinin Ermənistanın xarici siyasət idarəsinin yeni rəhbəri ilə ilk görüşüdür. Ermənistanın keçmiş səfiri Nalbandyan bu vəzifəyə prezident seçkilərindən sonra - Ermənistan hökumətinin dəyişməsindən sonra təyin edilib. O, keçmiş nazir Vardan Oskanyanı əvəz edib.

"Vasitəçilərin gələcək addımları nazirlərin görüşündən asılı olacaq", - Fasye bildirib.

O qeyd edib ki, ola bilsin ki, vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsi regionuna baş çəkəcək, Azərbaycan və Ermənistan rəhbərlikləri ilə problemin nizamlanma yollarını müzakirə edəcəklər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Fransalı həmsədr münaqişənin nizamlanma yollarını Ermənistan XİN rəhbərinin Fransaya rəsmi səfəri çərçivəsində onunla müzakirə edib. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin hazırkı mərhələsi müzakirə olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti