...

Azərbaycan NATO-dan işğal olunan ərazilərində silah yerləşdirilməsinə münasibət bildirməsini istəyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Aprel 2008 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı,24 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan NATO-dan Ermənistan tərəfindən işğal olunan ərazilərdə qeyri-qanuni yolla əldə olunan silahların yerləşdirilməsi, narkotika istehsalı və narkotiklərin tranzit maşrutu kimi istifadə olunmasının qarşısını almaq üçün tədbirlər görməsini istəyir.

"Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərində yerləşdirilən silahlardan istifadə olunacağı təqdirdə, bu təkcə Cənubi Qafqaz üçün deyil, NATO-ya üzv olan ölkələr üçün də ciddi təhlükə yaradacaq", deyə cümə axşamı Trend -a açıqlamasında Parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının və Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Siyavuş Novruzov bildirib.

Novruzov deyib ki, NATO Parlament Assambleyasının mayın sonunda Berlində keçiriləcək yaz sessiyasında bununla bağlı məsələ qaldırılacaq və növbəti iclaslarda gündəliyə daxil edilməsi tələb ediləcək.

NATO-nun Buxarest sammitində dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı Qətnamə qəbul olunub və sənəddə Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Həmin sənəd də Parlament Assambleyasının gündəliyinə daxil edilib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Novruzov qeyd edib ki, narkotiklərin qeyri-qanuni dövriyyəsi, qanunsuz silah alveri və terrorçuluqla mübarizə məsələləri NATO-nun funksiyasına aid olan məsələlərdir: "Ona görə də NATO Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərində mövcud olan vəziyyətə münasibət bildirməlidir".

Azərbaycan nümayəndə heyəti Ermənistanda keçirilən prezident seçkiləri ilə bağlı da məsələ qaldıracaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti