...

Ermənistanın yeni naziri ilə görüş tanışlıq xarakteri daşıyacaq - Azərbaycanın XİN rəhbəri (müsahibə)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Aprel 2008 15:18 (UTC +04:00)
Ermənistanın yeni naziri ilə görüş tanışlıq xarakteri daşıyacaq - Azərbaycanın XİN rəhbəri (müsahibə)

Latviya, Riqa, 26 aprel / Trend , xüsusi müxbir R.Uşakova/ Trend un Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla müsahibəsi

- Ermənistanda keçirilmiş prezident seçkilərini və Azərbaycanda qarşıdan gələn prezident seçkilərini nəzərə alaraq, 2008-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hər hansı bir irəliləyiş gözlənilirmi?

- Nə qədər ki, bu münaqişə var və davam edir, biz daim irəliləyişlər gözləyəcəyik. Münaqişə öz-özünə həll oluna bilməz, onun həlli üçün səylər göstərmək lazımdır. Dağlıq Qarabağ münaqişəsinin yalnız ərazi bütövlüyü, suverenlik və sərhədlərin dəyişilməzliyi çərçivəsində nizamlanması yolu son aylar özünün yeni təsdiqini tapıb. Xüsusən, BMT Baş Assambleyasının Qətnaməsində və NATO-nun Buxarest sammitinin yekun bəyanatında və ümumiyyətlə, Minsk Qrupunun üzv-dövlətləri və həmsədrlərinin bəyanatlarında bu barədə bildirilib. Hesab edirik ki, münaqişənin Ermənistanın yeni rəhbərliyi kontekstində həll edilməsi üçün məhz zamandan istifadə etmək lazımdır ki, onlar bu münaqişənin beynəlxalq hüquq prinsipləri və normaları əsasında, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu dərk etsinlər.

- Sizin, Avropa Şurası Nazirlər Komitəsinin mayın 6-da Strasburqda keçiriləcək iclasında iştirak çərçivəsində Ermənistanın yeni xarici işlər naziri ilə görüşünüz planlaşdırılıb. Bu görüşdən nə gözləyirsiniz?

- Mən bu görüşlə bağlı razılığımı Latviya səfərimdən öncə vermişəm. Baxarıq, lakin mən düşünürəm ki, bu görüş tanışlıq xarakteri daşıyacaq. Tanışlıq ilk növbədə Ermənistanın yeni rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına hansı münasibətdə olduğunu göstərəcək. Əlbəttə, biz ümid edirik ki, Ermənistanın mövqeyi münaqişənin nizamlanması kontekstində daha konstruktiv olacaq. Məsələnin isə yalnız beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq həll edilməsi yolu daha da təsbitləşəcək. Heç kim etnik təmizləmə aparmaqla dövlətlərin sərhədlərini və ərazi bütövlüyünü təcavüzkarcasına dəyişə, öz müqəddəratının təyinedilməsi tələbləri ilə çıxış edə bilməz. Bunlar bir-birini inkar edən məsələlərdir. Əgər sən əvvəlcə etnik təmizləmə aparıb, sonra öz müqəddəratını təyin etmək haqqında danışırsansa, bu, beynəlxalq hüquq normalarına sığmayan tamamilə yanlış bir modelidir. Bu şəraitdə isə yalnız işğal olunmuş ərazilərdəki vəziyyət bərpa edildikdən və köçkünlər Dağlıq Qarabağa geri qayıtdıqdan sonra status məsələsi barədə danışmaq olar. Əlbəttə ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibindəki statusu barədə.

- Bakı Avropa İttifaqı (Aİ) eləcə də, Aİ-yə daxil olan Baltikyanı ölkələr tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində hansı addımların atılmasını gözləyir?

- Litva prezidenti Avropa İttifaqında GUAM-ın dostları qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib və bu təklifi Baltikyanı ölkələr, o cümlədən Latviya da dəstəkləyib. Bundan əlavə, Aİ -də GUAM dostları qrupunun lehinə Polşa, Rumıniya və bir sıra dövlətlər çıxış edir. Biz hesab edirik ki, bizim - Latviya, Baltikanın digər ölkələri və Azərbaycanın keçmişi nəzərə alınmaqla, vəziyyətin əsli və aydınlaşdırılması ilə bağlı fikirlərimiz Aİ-nin digər paytaxtlarına da sirayət edəcək. Biz başa düşürük ki, latviyalı tərəfdaşlarımız tərəfindən qəbul olunan mövqeyimiz digər Avropa paytaxtlarında da dəstəklənməkdə davam edəcək.

- Latviyanın yüksək vəzifəli şəxsləri ilə görüşünüz zamanı energetika məsələləri müzakirə olunub. Aİ tərəfindən lobbiləşdirilən "Nabukko" qaz kəməri layihəsinin, eləcə də Odessa-Brodı-Plotsk-Qdansk neft kəmərinin gerçəkləşdirilməsi ilə bağlı məsələ də müzakirə olunubmu?

- Latviya tərəfi "Nabukko" qaz kəmərinə dair mövqeyimizi aydınlaşdırmağı xahiş etdiyi üçün danışıqlar zamanı "Nabukko" layihəsinə toxunulub. Bakının mövqeyi aydındır - qaz kəməri kifayət qədər maraqlı layihədir və mənə elə gəlir ki, onun gerçəkləşdirilməsi imkanları mövcuddur. Mən bu kontekstdə "Nabukko" qaz kəməri layihəsinin birinci reallaşdırılma mərhələsinin həyata keçirilməsi üçün regionda kifayət qədər qaz həcminin olması barədə latviyalı həmkarımı məlumatlandırmışam. Odessa- Brodı-Plotsk-Qdansk neft kəməri mövzusuna da qismən toxunulub. Məlumdur ki, mayda Kiyev şəhərində növbəti energetika sammiti keçiriləcək.Vilnüsdə keçirilən analoji sammitdən sonra görülmüş işlərin nəticələri daha geniş müzakirə olunacaq. Bu kontekstdə mövzuya da latviyalı həmkarlarla toxunulub. Hazırda müştərək "Sarmatiya" şirkətinitn təqdm edəcəyi texniki-iqtisadi əsaslandırmanın nəticələrini gözləyirik.

- Sizin latviyalı həmkarınız hər iki ölkə tərəfindən imzalanması planlaşdırılan bir sıra ikitərfli müqavilələr barədə məlumat verib. Bu barədə daha ətraflı danışa bilərsinizmi?

- Ölkələrimiz arasında hazırda nəzərdən keçirilən 13 sənəd var. Bu müqavilələr iqtisadi bloklar, qarşılıqlı hüquqi məsləhətləşmələr, maliyyə və bank sisteminə dair məsələləri əhatə edir. Respublika müvafiq Şengen razılaşmasına malik olduğu halda, Latviya və Azərbaycan arasında vizasız rejimin yaradılması məsələsi də daxil olmaqla.

Xəbər lenti

Xəbər lenti