Azərbaycan, Bakı, 29 aprel / " , müxbir E.Hüseynli/ Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, ölkədə təxribat təşkil etmək niyyətində olan dörd Ermənistan vətəndaşı Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.
Ötən həftə Ermənistan vətəndaşları Vanik Zmboyan, Artem Zoqrabyan, Karen Torosyan və Aqasi Enokyan sərhədi keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi Eldar Sabiroğlunun verdiyi məlumata görə, saxlanılan şəxslər Ermənistan Silahlı Qüavvələrinin xüsusi təyinatlı dəstəsində xidmət ediblər. Onun sözlərinə görə, fakt üzrə araşdırma aparılır.
Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni təxribat qrupunun zərərsizləşdirilməsinə dair məlumatı təkzib edir.
"Əslində, Ermənistan vətəndaşları hərbçi dostları ilə görüşmək üçün Xaçik kəndində yerləşən hərbi şəhərciyə gediblər, oradan qayıdan zaman isə azıblar və görünür ki, Naxçıvan ərazisinə keçiblər", - deyə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Seyran Şahsuvaryan bildirib.
O qeyd edib ki, Ermənistan tərəfində olan məlumata görə, göstərilən şəxslər Azərbaycan təhlükəsizlik orqanları tərəfindən saxlanılır və onların səhhəti normaldır. "Novosti-Armeniya"nın verdiyi xəbərə görə, Şahsuvaryan bildirib ki, Ermənistan tərəfi Beynəlxalq Qırmızı Xaç Komitəsinə Bakıdakı analoji ofis ilə birlikdə Ermənistan vətəndaşlarının qaytarılması xahişi ilə müraciət edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend