...

ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Aprel 2008 13:28 (UTC +04:00)

Azərbaycan, Qazax, 29 aprel / Trend , müxbir N.Fətullayeva/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığında, qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb. Trend -un bölgə müxbirinin məlumatına görə, monitorinqdən öncə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun səhra köməkçiləri ilə görüşündə rayonun İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov son zamanlar Tovuzun sərhəd kəndlərində Ermənistan tərəfindən atəşkəsin pozulmasının intensiv hal aldığını bildirib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

ATƏT atəşkəs haqqında razılıq əldə edildikdən sonra qoşunların təmas xəttində sabitliyin qorunması üçün intensiv monitorinqlər keçirir.

Məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Piter Ki və Antal Herdiç keçiriblər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, İrji Aberle və Caslan Nurtazin keçiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti