...

Azərbaycan və Ermənistanın Avrointeqrasiyaya can atmaları Dağlıq Qarabağ münaqişəsinin həllində stimul ola bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Dekabr 2008 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr/ Trend , müxbir Y.Ostapenko, E.Tariverdiyeva/ Azərbaycan və Ermənistanın Aİ-nin "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf etdirmək səyləri hər iki ölkə üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində stimul ola bilər.

"Azərbaycan və Ermənistanda Avropa inteqrasiyasının dəstəklənməsi onlara fikir ayrılıqlarını aradan qaldırmağa kömək etmək üçün kifayət qədər güclü addım olacaq", - Cənubi Qafqaz ölkələrinin təhlükəsizliyi üzrə ekspert Niklas Nilsson (Niklas Nilsson) İsveçdən telefonla Trend -a bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 9-da Brüsseldə Aİ və Cənubi Qafqaz ölkələri arasında ikitərəfli və çoxtərəfli danışıqlardan sonra, həm Azərbaycan, həm də Ermənistan tərəfinin "bütün pis irsi keçmişdə saxlamaq" səyləri barədə məlumat verib.

Nazirin sözlərinə görə, erməni tərəfi ilə görüşdə bildirilib ki, münaqişə Avropa İttifaqı ilə əməkdaşlığın inkişafını yubadır və Moskva Bəyannaməsinə əsasən, tərəflər öz səylərini artıracaqlar.

Moskva Bəyannaməsi Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən noyabrın 2-də Moskvada keçirilən görüşdə imzalanıb. O, ATƏT-in Minsk Qrupu çərçivəsində regionda sülhün əldə edilməsi üçün tərəflərin fəaliyyətinin canlanmasını nəzərdə tutur.

Ekspertlər hesab edirlər ki, zəruri şərti Dağlıq Qarabağ münaqişəsinin həlli olan Avrointeqrasiyaya doğru səylər Azərbaycan və Ermənistan hökumətlərinə mövqelərini və münaqişənin həlli məqamını yaxınlaşdırmağa kömək edəcək.

Azərbaycan və Ermənistanda Avropa inteqrasiyasının dəstəklənməsi onlara fikir ayrılıqlarını aradan qaldırmaqda etmək üçün kifayət qədər güclü addım olacaq, - Mərkəzi Asiya və Qafqaz İnstitutunda (İsveç) İpək Yolunun öyrənilməsi layihəsinin koordinatoru Nilsson hesab edir.

Nilsson əmindir ki, bunun üçün Avropa İttifaqının həm münaqişənin həllində, həm də ümumilikdə regionda daha fəal iştirakı lazımdır və ola bilsin bu, "Şərq Tərəfdaşlığı" çərçivəsində baş verəcək.

"Şərq Tərəfdaşlığı" layihəsi Avropa İttifaqı və altı keçmiş sosialist ölkəsi - Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan və Belarus arasında əməkdaşlığın inkişafını nəzərdə tutur. Polşa və İsveçin cari ilin mayında təklif etdiyi bu layihə Aİ-nin dekabrın 2-3- də Brüsseldə keçirilmiş sammitində başlıca mövzu olub.

Azərbaycanlı müstəqil politoloq Rasim Musabəyov da Avrointeqrasiyanın Azərbaycan və Ermənistanın mövqelərini yaxınlaşdıra biləcəyinə, münaqişənin nizamlanmasında irəliləyişə nail olmağa kömək edəcəyinə inanır. Lakin bunun yalnız imkan olduğunu hesab edir.

Qafqaz regionu üzrə avropalı eskpert Maykl Emerson (Michael Emerson) da hər iki ölkənin Avropa ilə əməkdaşlığı inkişaf etdirmək səylərinin münaqişənin tezliklə həllinə kömək edə biləcəyinə ümid edir.

""Kimin Qarabağa sahib olması" yox, orada yaşayan və hələ də oraya qayıtmaq imkanı olan insanların layiqli iqtisadi, sosial və siyasi şəraitdə yaşaya biləcəkləri vacibdir", - Avropa Siyasətinin Öyrənilməsi Mərkəzinin (Brüssel) aparıcı tədqiqatçısı Emerson elektron poçtla Trend ­-a bildirib.

Cənubi Qafqaz regionunda yalnız Avropanın deyil, Rusiyanın da geosiyasi maraqları kəsişdiyi üçün, ekspertlər Avropa İttifaqının regiondakı proseslərdə fəal iştirakının Rusiyanın mənfi reaksiyasına səbəb ola biləcəyini hesab edirlər.

"Çətin ki, Rusiya "Şərq Tərəfdaşlığı" Proqramının özünə reaksiya göstərsin, - Ermənistanın öyrənilməsi üzrə mərkəz "İnside Europe"nin (Brüssel) direktoru Nikolya Tavityan (Nicolas Tavitian) elektron poçtla Trend -a bildirib. -Hər şey konkret ölkədən və bu Proqram çərçivəsində irəli sürülən siyasi təşəbbüsdən asılıdır".

"Cənubi Qafqazda münaqişələrin nizamlanması və etnoslararası münasibətlər" layihəsinin rəhbəri Nilsson da əmindir ki, Avropanın Cənubi Qafqazdakı iştirakı iqtisadi əlaqələrin inkişaf etdirilməsi səviyyəsində olarsa, Rusiya bunu neytral qəbul edəcək. Bu arada, Rusiya Avropa ölkələrinin regiondakı münaqişələrin həllində iştirakına yol verməmək üçün bütün mümkün olanı edəcək, - o hesab edir.

Nilssonun rəyinə görə, Rusiya Qafqazdakı münaqişənin nizamlanmasına yeganə vasitəçi olmağa can atdığı üçün,  bu proseslərdə məhdud rola razı olmayacaq.

Rusiya Avropa nın regiona cəlb edilməsinə şübhə ilə yanaşır, - Nilsson hesab edir. Eyni zamanda, Avropa İttifaqı Rusiyada NATO kimi narahatlıq doğurmur. Belə ki, Rusiya İttifaqı Almaniya, Fransa və İtaliya ilə - RF-nin əsas avropalı tərəfdaşları ilə əlaqələndirir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti