...

Dördüncü Ermənistan-Azərbaycan forumu iyulda keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Mart 2009 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 mart / Trend , müxbir E.Rüstəmov /

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək məqsədi ilə Dördüncü Ermənistan-Azərbaycan forumu iyul ayında keçiriləcək. Bu haqda Trend -a telefon bağlantısı zamanı Vyanadan International Alert Avrasiya üzrə proqram layihələrinin meneceri Desislava Rusanova bildirib.

"Təhlükəsizlik: çağırışlar və imkanlar eləcə də etibarın qurulması üçün mexanizmlər" Ermənistan-Azərbaycan forumu International Alert dəstəyi ilə 24-27 martda Vyanada keçirilir. Forumun iştirakçıları Ermənistandan və Azərbaycandan olan vətəndaş cəmiyyəti liderləri, münaqişə tərəflərini təmsil edən ekspert və ziyalılardır. Bununla yanaşı ATƏT-in Minsk qrupu həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakov (Rusiya) forumda iştirak edirlər.

"Yeni forumun mövzusu hələ müəyyənləşməyib. Yaxın bir neçə gün ərzində və hazırda Vyanada keçirilən forumun nəticələrinə əsasən növbəti forumun ideyası bəlli olacaq", - Rusanova deyib. 

Rusanovanın sözlərinə əsasən, hazırda davam eden forum konstruktiv şəraitdə gedir.

"Tərəflərin razılaşmadıqları bəzi məsələlərə toxunulsa da bu çox normaldır", - Rusanova qeyd edib.

"Prinsipial fikir ayrılıqları yox idi və diskussiyalar əlaqələrin gərəkli olduğundan irəli gəlirdi", - Rusanova vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]   

Xəbər lenti

Xəbər lenti