...

ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Mart 2009 14:30 (UTC +04:00)

Azərbaycan, Gəncə, 31 mart / Trend , müxbir V.Məmmədov /

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq çərşənbə axşamı Azərbaycanın Qazax rayonunun Məzəm kəndi yaxınlığında, qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb.

Trend -un bölgə müxbirinin verdiyi məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və İrci Aberle keçiriblər.

Azərbaycan-Ermənistan sərhədinin digər tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik, onun səhra köməkçiləri İmre Palatinus, Vladimir Çountulov və Caslan Nurtazin keçiriblər.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabr ayında Dağlıq Qarabağ Şuşa və Xocalı istisna olmaqla Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz, sülh danışıqları aparılır.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rauf Hüseynov monitorinq keçirmək üçün rayona gələn ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və İrji Aberle ilə görüşüb. Görüşdə icra başçısı ATƏT nümayəndələrinin diqqətinə atəşkəsin pozulması nəticəsində əhalinin həddindən artıq əziyyət çəkməsini, xüsusilə yaz-payız aylarında kəndlərin atəşə tutulmasının kənd camaatının güzəranını daha da ağırlaşdırdığını vurğulayıb.

"Sonuncu dəfə ATƏT nümayəndələri Məzəm kəndində 2008-ci ilin 30 sentyabr tarixində monitorinq keçiriblər. Həmin vaxtdan indiyədək bu kənd 200 dəfədən artıq atəşə tutulub. Gün ərzində kənd 8-9 dəfə erməni Silahlı Qüvvələri tərəfindən atəşə tutulur. Bu isə göstərir ki, keçirilən monitorinqlərin xeyri yoxdur", - deyə Hüseynov bildirib.

 Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti