...

Dağlıq Qarabağ Azərbaycan ərazisinin bir hissəsi olub və olacaq – XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Aprel 2009 15:37 (UTC +04:00)
Dağlıq Qarabağ Azərbaycan ərazisinin bir hissəsi olub və olacaq – XİN

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir S.Ağayeva / 

Rəsmi Bakı hesab edir ki, Dağlıq Qarabağın Azərbaycana aid olması müzakirələr mövzusu deyil.

"Azərbaycanın ərazi bütövlüyü bütün dövlətlər tərəfindən tanınıb, həm BMT, həm də digər beynəlxalq təşkilatların çoxsaylı sənədlərində öz təsdiqini tapıb", - deyə çərşənbə günü Trend -a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Elxan Poluxov bildirib.

Ermənistan Prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Ermənistanın mövqeyinin dəyişmədiyini bəyan edib. "Qarabağ heç bir şərtlə Azərbaycana hədiyyə edilə bilməz", - deyə Sarkisyan Tehranda erməni icması ilə görüş zamanı bildirib.

Mediamaks-ın verdiyi xəbərə əsasən, Ermənistan Prezidenti bildirib ki, Azərbaycanın Qarabağa iddia etməsi nə hüquqi, nə də mənəvi əsasa malik deyil.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

"Ermənistan tərəfinin tez-tez bu tipli bəyanatları təkrar etməklə hansı məqsədi güddüyü aydın deyil. Ya onlar özlərinə təsəlli vermək istəyirlər, ya da özlərini Dağlıq Qarabağın heç vaxt Azərbaycanın ərazisi olmayacağına əmin etmək istəyirlər", - deyə Poluxov bildirib.

Ölkənin XİN nümayəndəsi bildirib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisinin bir hissəsi olub və olacaq.

Onun sözlərinə görə, Azərbaycan sülh danışıqları prosesinə münaqişənin sülh yolu ilə nizamlanması imkanı kimi yanaşır və "biz danışıqlar prosesinin davam etdirilməsini hələ ki, məqsədəuyğun hesab edirik".    

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti