...

Azərbaycan və erməni xalqları arasında inam ruhunu formalaşdırmaq lazımdır – Azərbaycanın Rusiyadakı səfiri (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyul 2009 18:11 (UTC +04:00)
Azərbaycan və erməni xalqları arasında inam ruhunu formalaşdırmaq lazımdır – Azərbaycanın Rusiyadakı səfiri (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir Ü.Sadıxova /

"Azərbaycan və erməni xalqları arasında inam ruhunu formalaşdırmaq lazımdır", - cümə günü Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xankəndində deyib. Məlumatı erməni KİV-i yayıb.

"Qeyd etmək istərdim ki, nə ermənilər, nə də azərbaycanlılar kosmosa uçmayacaq. Biz bir yerdə yaşayacağıq və buna görə də əlaqələr, qarşılıqlı münasibətlər yaratmaq, bir-birinə qarşı qarşılıqlı hörmət aşılamaq lazımdır", - səfir, milli diplomatiyanın həyata keçirilməsi üçün Azərbaycan Parlamentinin nümayəndə heyətinin Xankəndinə səfəri çərçivəsində bildirib.

"Cümə günü Xankəndində Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Armen Smbatyanın, Dağlıq Qarabağda səfərdə olan Rusiyanın mədəniyyət və kinematoqrafiya üzrə federal agentliyinin rəhbəri Mixail Şvıdkonun, qondarma "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" Bako Saakyanın görüşü keçirilib", - erməni KİV-i məlumat verir.

Bülbüloğlunun sözlərinə görə, Xankəndinə iki il əvvəlki ilk səfərindən fərqli olaraq, bu dəfə daha qaynar mübahisələr getdi. Bununla yanaşı, səfir qeyd edib ki, nümayəndələr heç bir vəchlə münaqişənin həlli üzrə siyasi prosesi əvəzləməyə can atmırlar, prezident və xarici işlər nazirlərinin danışıqlarına qarışmırlar.

"Üç sabiq mədəniyyət naziri kimi, biz insanlara öz aralarında ünsiyyət qurmaq imkanı vermək təşəbbüsünü qaldırdıq. Bu gün Azərbaycan və erməni xalqlarının mövqelərini yaxınlaşdıra biləcək bəzi humanitar layihələr barədə təkliflər səsləndirilib", - səfir deyib.

Bülbüloğlu bir çox jurnalistlərin qarşı tərəfə düşmən obrazı "geyindirməsindən" təəssüfünü bildirib.

"Bu çox ziyandır, çünki jurnalistlər dördüncü hakimiyyətdir. Əksinə, bu gün mehriban qonşu kimi yaşamaq və bir-birimizə əl uzatmaq, ayırıcı yox, birləşdirici məqamları tapmağa insanları inandırmaq lazımdır", - o hesab edir.

"Bizim xalqlar əsrlərlə bir-biri ilə yaxın yaşayıb və mən tamamilə əminəm ki, illər keçəcək, hər şey qaydasına düşəcək və biz yenidən bir yerdə və yanaşı yaşayacağıq", - səfir bildirib.

Eyni zamanda səfir qeyd edib ki, milli diplomatiyanın formatı insanların qarşılıqlı ünsiyyətinə yardım edir və qaynar ola biləcək mübahisələr üçün nəzərdə tutulub.

Onun fikrincə, tərəflər bir-birindən narazı ola bilərlər, ancaq onlar danışmalı və danışıqlar aparmalıdırlar.

Səfir hesab edir ki, 18-19 il əvvəl ortaya çıxmış problemi gələcək nəslə saxlamaq lazım deyil.

Bununla yanaşı, səfir qeyd edib ki, onun səfər çərçivəsində Azərbaycan-Qarabağ sərhədini keçməsi, Dağlıq Qarabağı tanıması demək deyil.

"Bu sərhəd yox, təmas xəttidir", - Bülbüloğlu vurğulayıb.

Xankəndinə gələn nümayəndə heyətində altı nəfər, o cümlədən Milli Məclisin iki deputatı Asim Mollazadə və Tahir Rzayev, həmçinin bəstəkar Səyavuş Kərimi olub.

Bu, Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin Dağlıq Qarabağa ikinci səfəridir.

28 iyun 2007-ci ildə iki ölkənin RF-dəki səfirlərinin təşəbbüsü ilə erməni və Azərbaycan ziyalılarının Xankəndi, Yerevan və Bakıya səfəri baş tutub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti