...

Dağlıq Qarabağ münaqişəsinin həlli zamanı yetişib – hakim partiyanın sədr müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2009 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın hakim partiyasının sədr müavini hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli zamanı yetişib.

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların intensivləşməsi müsbət haldır. Bu görüşlər ona görə keçirilir ki, nəticə qazanılsın. Bu nəticə də Azərbaycan anlamında torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərin öz yurdlarına qayıtması olmalıdır", - Trend -un məlumatına görə, cümə axşamı Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov partiyanın saytına bildirib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Əhmədovun sözlərinə görə, əgər danışıqlar prosesi intensivləşibsə, prezidentlər səviyyəsində tez-tez görüşlər keçirilirsə, bu o deməkdir ki, görüşlərdən hər hansı bir nəticə gözlənilir. "Ümid edirik ki, qarşıdakı görüş müsbət nəticələnsin və münaqişənin nizamlanması ilə bağlı daha konkret addımlar atılsın. Nəticə etibarilə hamı dərk edir ki, bu münaqişənin həlli zamanı yetişib. Çünki Cənubi Qafqazda sabitliyin təmin olunması münaqişənin ədalətli həllindən asılıdır. Ədalətli həll isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Bundan kənarda münaqişənin həlli mümkün deyil", - sədr müavini əlavə edib.

Onun fikrincə, münaqişənin nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya daha da fəallaşıb. "Rusiya bu münaqişənin həllinə təsir etmək imkanına malikdir və son zamanlar bu dövlətin təşəbbüslərinin artması optimizmə əsas verir", - Əhmədov vurğulayıb.

Azərbaycan və erməni ziyalılarının qarşılıqlı səfərlərinə münasibət bildirən YAP sədrinin müavini qeyd edib ki, bu səfərlər münaqişənin nizama salınmasına kömək edəcəksə, bunu müdafiə etmək lazımdır.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

 

Xəbər lenti

Xəbər lenti