...

ABŞ birtərəfli hərəkətlərlə fövqəldövlət statusunu saxlaya bilməyəcək – məşhur amerikalı siyasətçi Zbiqnev Bjezinski (MÜSAHİBƏ)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyul 2009 13:11 (UTC +04:00)
ABŞ birtərəfli hərəkətlərlə fövqəldövlət statusunu saxlaya bilməyəcək – məşhur amerikalı siyasətçi Zbiqnev Bjezinski (MÜSAHİBƏ)

ABŞ, Vaşinqton, 10 iyul / Trend , müxbir N.Boqdanova /

Trend -un ABŞ-ın sabiq Prezidenti Cimmi Karter administrasiyasında milli təhlükəsizlik üzrə keçmiş məsləhətçi, Cons Hopkins Universitetinin professoru Zbiqnev Bjezinski ilə müsahibəsi

- Barak Obamanın Moskvaya səfəri dondurulmuş münaqişələrin həlli və regional gərginliyin azalması nöqteyi-nəzərindən nə kimi əhəmiyyət kəsb edir?

-ABŞ və Rusiya Federasiyası maraqları arasında ciddi geosiyasıi münaqişələr mövcuddur. Moskva müxtəlif üsullarla Sovet ittifaqının parçalanmasından sonra yaranan vəziyyəti dəyişməyə çalışır. Ukrayna üzərində nəzarəti öz üzərinə götürərək Rusiya özünün imperiya gücünü bərpa edəcək ki, bu da Mərkəzi Asiyada münaqişəni alovlandıra bilər. Gürcüstana nəzarəti bərpa etməklə isə Qərbi həyati vacib enerji - Xəzər dənizi və Mərkəzi Asiyadan gələn Bakı-Tbilisi-Ceyhan boru kəmərindən məhrum edə bilər. Bu halda Azərbaycanın Moskvanın nəzarətinə razılaşmaqdan başqa seçim yolu qalmayacaq. Rusiya şeylərə özünün postimper baxışını dəyişməlidir. ABŞ isə Rusiya ilə münasibətlərdə üç əsas hədəfini müəyyən etməlidir: birincisi, maraqlarımızın üst-üstə düşdüyü sahələrdə Rusiya-Amerika əməkdaşlığının irəlilədilməsi; ikincisi, beynəlxalq "oyun qaydaları" çərçivəsində iki ölkələr arasındakı fikir ayrılıqlarının həllində qarşılıqlı sərfəliliyi vurğulamaq; və üçüncüsü, Rusiyanın özünün yekun nəticədə Avroatlantik cəmiyyətin həqiqətən də postimper tərəfdaşı olmağında maraqlı olmasını getdikcə daha çox anlayacağı geosiyasi konteksti formalaşdırmaqda kömək etmək. Məncə Prezident Obamanın Moskvada qarşılaşdığı durum məhz budur.

- Düşünürsünüz ki, bu görüşün əsas məqsədi ABŞ və Rusiyanın regional maraqlarını birləşdirmək istəyi olub?

- Yüksək səviyyədə keçən Moskva görüşü çox sağlam və realist alındı və həddindən artıq ümidlər nəzərdə tutulmurdu. Ancaq bu görüşün gedişində əldə olunan kiçik real irəliləyişi də qeyd etmək lazımdır. Orada öz-özlüyündə "razılaşmamaq haqda razılaşma" əldə olundu.

- ABŞ və Rusiya prezidentləri öz ölkələrinin nüvə arsenallarını qarşıdakı yeddi il ərzində 1500 - 1675 döyüş başlığı səviyyəsinə endirmək barədə razılığa gəldilər. Bu, hazırda ABŞ və Rusiya arasında nüvə mübahisəsinin təzyiqinin azaldığını deməyə imkan verirmi?

- Məncə, Rusiya və ABŞ tərəfindən yeni beynəlxalq reallıqlara düzəlişlər edilməsi baş verir. Biz son səkkiz il ərzində çox ağrılı şəkildə anladıq ki, hətta biz dünyanın yeganə fövqəldövləti olsaq belə, biz bu statusu birtərəfli hərəkətlərlə saxlaya bilməyəcəyik. Bizim bütün dünyaya diktə etmək üçün yetərli gücümüz yoxdur. Ruslar isə onların imperiya dövrünün keçdiyini anladılar.

- Moskva görüşündən Azərbaycan nə qazandı? Bu görüşün Dağlıq-Qarabağ münaqişəsinin həllində yeni imkanlar açdığına inanırsınızmı?

- Dağlıq-Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində yeni reallıqların yaradılması imkanına inanıram. ABŞ və Rusiya prezidentlərinin Moskvadakı görüşü və onların Dağlıq Qarabağ münaqişəsini müzakirə etmələri faktının özü bu məsələnin yalnız beynəlxalq əhəmiyyətini qaldırmadı, eyni zamanda münaqişə tərəflərinin inamını artırdı. "Rusiya və ABŞ arasında bu cür görüşlər region üçün yeni imkanlar acır.

- İrandakı hazırkı durum haqda nə düşünürsünüz?

- İran üçün hansı modelin uyğun gəldiyi və bu ölkənin bundan sonra hansı istiqamətdə davam etmək istədiyi haqda fikirlər yürütmək üçün hələ çox tezdir. Ancaq mənim proqnozlarım yaxın perspektiv üçün - bədbin, uzaq perspektiv üçün isə nikbindir.

- Bir çox ekspertlərin ABŞ administrasiyasının İrana münasibətdə müşahidəçi siyasətini tənqid etməsinə necə münasibət bəsləyirsiniz?

- Mən ABŞ administrasiyasına bu addımların ağır nəticələrə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edərək, İranın daxili işlərinə qarışmaqdan çəkinməyi tövsiyə edərdim. ABŞ-da İranla əməkdaşlığa inanmayan və bu ölkədə baş verən hadisələrdən Tehrana münasibətdə öz ekstremist məsqədlərinə nail olmaq üçün yanlış olaraq istifadə edən hərəkat mövcuddur. Onlar İranda İraq ssenarisinin təkrarlanması mövqeyindən çıxış edirlər. Ancaq qeyd etmək lazımdır ki, bu, heç vaxt ABŞ-ın maraqlarına cavab verməyib. Belədə, İranda baş verənlər bu ölkəyə münasibətdə Amerikanın mövqeyinə çətin ki, təsir etsin. Azsaylı gənclərin etirazına baxmayaraq, İran Prezidenti Mahmud Əhmədinejad əhalinin aşağı və orta təminatlı vətəndaşlarının geniş və güclü dəstəyinə malikdir.

Xəbər lenti

Xəbər lenti