Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir Y.Ostapenko/
Ermənistan-Türkiyə yaxınlaşması prosesinin inkişafında iki variant var. Bu barədə The Heritage Foundation-ın (ABŞ) Rusiya, Avrasiya və beynəlxalq enerji təhlükəsizliyi istiqaməti üzrə rəhbəri, politoloq Ariel Koen Bakıda jurnalistlərə deyib.
"İlk müsbət - Türkiyə öz qardaşlıq borcunu yerinə yetirir, Ermənistanla sərhədlərin açılmasını və əlaqələrin normallaşmasını erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki irəliləyişlə bağlayır. Mənfi isə - Türkiyə Ermənistanla problemi ikitərəfli rejimdə həll edir, Azərbaycana isə barmaqarası baxır və öz qardaşlıq borcunu yerinə yetirmir", - Koen deyib.
Oktyabrın 10-da Ankara-Yerevan protokolları İsveçrənin Sürix şəhərində Türkiyənin və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən imzalanıb. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.
Koenin fikrincə, son nəticə haqqında danışmaq tezdir, belə ki, bir çox şeylər Bakının nə qədər vicdanlı olacağından və türkiyəli tərəfdaşlarını anlayacağından asılıdır.
"Hazırkı mərhələdə Vaşinqton, Moskva və Paris bu fikirdədirlər ki, Ermənistan və Azərbaycanın siyasi elitaları qərar qəbul edəcəkləri təqdirdə real irəliləyiş mümkündür", - o deyib.
"Əgər prezidentlər İlham Əliyev və Serj Sarkisyan arasında razılaşma olarsa məsələ həll ediləcək. ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyi məsələsi bu kontekstdə ikincidir", - Koen cümə günü Bakıda başlayan "Cənubi Qafqazda təhlükəsizliyə maneələr: reallıqlar və regional inkişafın perspektivləri" mövzusunda təşkil edilən Beynəlxalq konfrasda deyib.
Koenin sözlərinə görə, yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərpəniş gözləmək mümkündür.
"Lakin mən risk edərək 2010-cu il ərzində hər hansı bir razılaşmanın imzalanacağına dair proqnoz verə bilmərəm. Danışıq prosesləri davam edəcək və bu, artıq irəliləyişdir", - o deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparır.