...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ilk addım Azırbaycan torpaqlarının işğaldan azad edilməsi olacaq - ekspertlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Dekabr 2009 18:13 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında atılan ilk addım erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması olacaq. Ekspertlər belə hesab edir.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ilk addım Azırbaycan torpaqlarının işğaldan azad edilməsi olacaq - ekspertlər

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir E.Tariverdiyeva/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında atılan ilk addım erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması olacaq. Ekspertlər belə hesab edir.

"Əgər Aİ və ABŞ regiona geosiyasi təsir etmək istəyirlərsə, onlar Dağlıq Qarabağ münaqişəsinə yalnız birtərəfli dəstək göstərə bilməzlər, - Aleksandr Rar Berlindən telefon vasitəsilə Trend -a deyib. - Əminəm ki, işğal olunmuş əraziləri Azərbaycana qaytarmaq üçün ermənilərə faktiki olaraq ultimatum veriləcək. Rəsmi Yerevanın özu də başa düşür ki, torpaqları geri qaytarmaq lazımdır".

"Ermənistan Silahlı Qüvvələrinin məhdud zaman çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması regionun geniş inkişafına imkan verəcək və bu, Dağlıq Qarabağ probleminin tezliklə həll olunması üçün açar ola bilər", - çərşənbə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Afinada ATƏT XİNŞ-in iclasında çıxış edərkən deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Müşahidəçilərin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının ilkin mərhələsi Madrid sənədinin prinsiplərindən birinin (Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxması) yerinə yetirilməsi olacaq.

"Aİ və ABŞ Gürcüstanla kifayətlənməyərək, Cənubi Qafqaz regionunda stabillik yaratmağı, həm Azərbaycan, həm də Ermənistanla sıx tərəfdaşlıq əlaqələrinin yaradılmasını qarşılarına məqsəd qoyublar", - AFR-in Xarici Siyasət Şurasının"Rusiya-Avrasiya" mərkəzinin direktoru Aleksandr Rar belə düşünür.

Son illər Qərbin bütün siyasəti məhz Gürcüstana yönəlib, lakin indi dəyişikliklərin vaxtı çatıb. Rarın fikrincə, bunun üçün Qərbə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün regionun bütün ölkələrinin dəstəyinin təmin edilməsi lazımdır. İlk növbədə, bu, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasına aiddir.

"Respublikanın hakim partiyalarının qurultayında Ermənistan Prezidenti Serj Sarkisyanın nitqindən aydın olub ki, Dağlıq Qarabağa dair çərçivə memorandumu artıq razılaşdırılıb", - Ermənistanın "Novıye Vremena" partiyasının sədri Aram Karapetyan bildirib. Məlumatı Armenia Today yayıb.

Onun sözlərinə görə, sənədə əsasən əvvəlcə Azərbaycana beş işğal olunmuş rayon qaytarılmalıdır, sonra isə altıncı. Ancaq bundan sonra referendum yolu ilə həll ediləcək status məsələsi qoyulacaq. Karapetyan deyib ki, Ermənistan qoşunlarının çıxarılması və Dağlıq Qarabağın statusu haqqında referendum məsələsinin eyni paketdə olub olmayacağını bilmir.

Azərbaycan deputatı Aydın Mirzəzadənin fikrincə, Azərbaycan torpaqlarının azad edilməsi artıq yaxın vaxtlarda gözlənilə bilər.

"Danışıqlar prosesi Ermənistanın öz qeyri-konstruktiv mövqeyindən əl çəkməsindən asılıdır. Gec-tez Ermənistan Azərbaycan torpaqlarını azad etməlidir və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu yaxın vaxtlarda baş verəcək", - deputat, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə Trend -a bildirib.

Bu məsələnin həllinə təsir edə biləcək faktorlardan biri Ermənistanla Türkiyənin oktyabrın 10-da Sürixdə imzaladıqları protokollar ola bilər.

Türkiyənin müxalif Böyük Birlik Partiyası nümayəndələrinin fikrincə, Türkiyə Azərbaycana verdiyi sözün üstündə durmalı, Dağlıq Qarabağ problemi həll olunmayanadək Ermənistanla sərhədləri açmamalıdır.

"Türkiyə Azərbaycana verdiyi vədə əməl etməli və Dağlıq Qarabağ problemi həll olunmayana qədər Ermənistanla sərhədləri açmamalıdır", - çərşənbə günü Ankaradan telefonla BBP sədri Yalçın Topçu Trend -a bildirib.

Onun sözlərinə görə, əgər Ermənistan öz sülh istəyində ciddidirsə, bunu sübut etməli və Azərbaycanın işğal olunmuş ərazilərini qeyd-şərtsiz azad etməlidir.

Materialın hazırlanmasıda R.Hafizoğlu iştirak edib.

Xəbər lenti

Xəbər lenti