...

"Euronews" televiziya kanalı Dağlıq Qarabağ münaqişəsinə görə regionu tərk etmiş Azərbaycan qaçqınları haqqında veriliş çəkmək istəyir - baş redaktor

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2009 23:58 (UTC +04:00)
"Euronews" televiziya kanalı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə görə regionu tərk etmiş Azərbaycan qaçqınları haqqında veriliş çəkmək istəyir, telefonla Trend News-a cümə günü kanalın baş redaktoru Piter Barabas deyib.
"Euronews" televiziya kanalı Dağlıq Qarabağ münaqişəsinə görə regionu tərk etmiş Azərbaycan qaçqınları haqqında veriliş çəkmək istəyir - baş redaktor

Azərbaycan, Bakı, 04 dekabr / Trend , müxbir Ü.Sadıxova/

"Euronews" televiziya kanalı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə görə regionu tərk etmiş Azərbaycan qaçqınları haqqında veriliş çəkmək istəyir, telefonla Trend -a cümə günü kanalın baş redaktoru Piter Barabas deyib.

"İndi biz Azərbaycan tərəfində analoji reportaj çəkmək haqqında müxtəlif yollarla müzakirələrə başlamışıq, münaqişə zonasında yaşayan Azərbaycan əhalisi haqqında reportaj hazırlamağa çox böyük istəyimiz var. Xüsusilə biz münaqişəyə görə regionu tərk etmiş Azərbaycan qaçqınları haqqında veriliş çəkmək istəyirik", - deyə o bildirib.

Onun sözlərinə görə, kanal rəsmən Azərbaycana müraciət edib və Azərbaycanın Brüsseldəki səfirliyinə məktub göndərib, lakin hələ cavab almayıb.

Noyabrın 28-də "Euronews" kanalında Mikael Rayxmanın "Dağlıq Qarabağ - dəyişik külək" reportajı yayımlanıb. Reportajda Qarabağ müharibəsinin hadisələri tamamilə birtərəfli şəkildə izah edilir. Azərbaycan XİN-in mətbuat xidməti və Yeni Azərbaycan Partiyası kanalın rəhbərliyinə süjetlə bağlı etiraz məktubları göndəriblər.

"Euronews" televiziya kanalının noyabrın 28-dəki buraxılışında "Dağlıq Qarabağda dəyişiklik küləkləri" adlı verilişdə növbəti dəfə qərəzli və qeyri-obyektiv yanaşma əsasında münaqişənin səbəbləri və həqiqətləri erməni tərəfinin mövqeyinə uyğunlaşdırılmaqla, dünyanın və Avropanın ictimai rəyini çaşdırmağa yönələn cəhd göstərilib", - hakim partiyanın etiraz məktubunda deyilir.

Həmin proqramda Dağlıq Qarabağ "müstəqil dövlət", qondarma qurumun rəhbəri Bako Saakyan isə bu "dövlətin prezidenti" kimi təqdim olunub. Bütün beynəlxalq sənədlərdə və nüfuzlu dünya təşkilatlarında Azərbaycanın ərazisi sayılan, Ermənistanla heç bir coğrafi əlaqəsi olmayan Dağlıq Qarabağ Ermənistanın "ürəyi" adlandırılıb.

Barabasın sözlərinə görə, telekanal ümüd edir ki, Azərbaycan hakimiyyəti onlara reportaj üçün regionu ziyarət etməyə icazə verəcək, çünki "biz bu məsələdə mümkün gədər transparent olmaq istəyirik. Ermənilərin mövqeyini əks etdirən reportajda olduğu kimi, biz Azərbaycan tərəfinin həyatını da əks etdirməyə çalışırıq".

"Euronews" televiziya kanalının baş redaktorunun sözlərinə görə, telekanal Dağlıq Qarabağa getmək üçün Ermənistan hakimiyyəti tərəfindən icazə alanda, əsas niyyət münaqişəyə cəlb olunmuş əhalinin necə yaşadığını göstərmək olub.

"Bizim heç vaxt [Dağlıq Qarabağ] məsələnin siyasi aspektinə qarışmaq niyyətimiz olmayıb, çünki bunun Azərbaycan və Ermənistan arasında nə qədər həssaslı məqam olduğunu bilirik. Biz reportajımızda yalnız Dağlıq Qarabağın əhalisinin həyatını göstərmək istəyirdik - reportajımızda əks olunan budur", - Barabas deyib.

Onun sözlərinə görə, kanal hələ Azərbaycan tərəfinin etiraz məktubunu almayıb.

"Mən bunu şərh edə bilmərəm, çunki biz hələ heç nə qəbul etməmişik. Biz məktubu gözləyirik və onu alan kimi cavab verəcəyik. Biz belə bir məktubun mövcudluğu barədə bilirik, lakin "Euronews"da onu hələ heç kəs görməyib. Buna görə də biz məktubu görməmiş, onu şərh edə bilmərik", - Barabas deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti