...

Azərbaycanın ərazi bütövlüyünü tanıyan ABŞ Dağlıq Qarabağa yardım etməməlidir – birinci vitse-spiker

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Dekabr 2009 12:27 (UTC +04:00)
Parlament sədrinin birinci müavini Ziyafər Əsgərov dəfələrlə bəyanat verərək Azərbaycanın ərazi bütövlüyünü tanıyan ABŞ hökumətinin Dağlıq Qarabağa birbaşa yardım etməsinin əleyhinə olduğunu deyib.
Azərbaycanın ərazi bütövlüyünü tanıyan ABŞ Dağlıq Qarabağa yardım etməməlidir – birinci vitse-spiker

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın birinci vitse-spikeri hesab edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan ABŞ Dağlıq Qarabağa yardım etməməlidir.

"Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ABŞ-ın Azərbaycanın başı üstündən, heç bir məlumat və izahat vermədən Dağlıq Qarabağa birbaşa yardım göstərməsini təbii ki, biz düzgün hesab edə bilmərik. Hesab edirəm ki, bu, mütləq Azərbaycanla razılaşdırılmalı idi", - Trend -un məlumatına görə, şənbə günü jurnalistlərə Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafər Əsgərov bildirib.

Trend -un arayışı: Çərşənbə günü ABŞ Nümayəndələr Palatası Senat Dağlıq Qarabağ separatçı rejiminə birbaşa yardım qismində 8 milyon dollar ayrılması barədə qərar çıxarıb.

Əsgərovun fikrincə, Azərbaycan ABŞ-ın strateji müttəfiqi olduğundan belə yardımlar edilərkən ərazi bütövlüyünə hörmət edərək, mütləq bu barədə məlumat verilməli idi. "Digər tərəfdən, bilirsiniz ki, indi danışıqlar çox həssas bir fazaya qədəm qoyub. Belə bir vəziyyətdə Ermənistana 41 milyon dollar, Dağlıq Qarabağa isə 8 milyon dollar vəsaitin ayrılması hesab edirəm ki, vasitəçi missiyasını yerinə yetirən dövlət üçün bu vasitəçiliyin nə dərəcədə ədalətli aparılmasına bir qədər şübhə yaradır", - birinci vitse-spiker əlavə edib.

Komitə sədri deyib ki, əgər bu yardım hətta edilirsə belə, Dağlıq Qarabağın azərbaycanlı icmasına da edilməlidir. "Amma ABŞ bir tərəfə yardım edir, digərinə yox. Bizə hələ məlum deyil ki, bu yardım hansı məqsədlə istifadə olunacaq. Çünki bizə məlumdur ki, Ermənistan ABŞ-ın bu cür yardımlarını siahlanmaya xərcləyir. Ona görə də bir daha hesab edirəm ki, danışıqların bu həssas məqamında Ermənistan və Dağlıq Qarabağa vəsaitin ayrılması bizim strateji müttəfiqlik münasibətlərinin ruhuna uyğun gəlmir", - Əsgərov vurğulayıb.

Biriunci vites-spiker parlamentin növbəti iclasında bununla bağlı məsələnin müzakirəyə çıxarılacağını da istisna etməyib. "Deputat həmkarlarım buna görə çox narahatdırlar. Yəqin ki, məsələ parlamentdə qaldırılacaq", - o qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti