...

ABŞ-ın Qarabağ separatçılarına maliyyə yardımı ayırmasına qarşı çıxışlar antiamerika kampaniyası kimi qiymətləndirilməməlidir - Prezident Administrasiyasının şöbə müdiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Dekabr 2009 12:06 (UTC +04:00)
Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, bəzi mətbuat orqanları Azərbaycan xalqının, Parlamentinin, Dağlıq Qarabağın azərbaycanlı icmasının ABŞ-ın Qarabağ separatçılarına maliyyə yardımı ayırmasına qarşı çıxışlarının antiamerika kampaniyası kimi qiymətləndirilməsi təəssüfləndirici haldır.
ABŞ-ın Qarabağ separatçılarına maliyyə yardımı ayırmasına qarşı çıxışlar antiamerika kampaniyası kimi qiymətləndirilməməlidir - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, bəzi mətbuat orqanları Azərbaycan xalqının, Parlamentinin, Dağlıq Qarabağın azərbaycanlı icmasının ABŞ-ın Qarabağ separatçılarına maliyyə yardımı ayırmasına qarşı çıxışlarının antiamerika kampaniyası kimi qiymətləndirilməsi təəssüfləndirici haldır.

"Azərbaycanda antiamerika təbliğatı getmir" bu sözləri çərşənbə günü jurnalistlərə Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Həsənov deyib ki, Azərbaycan ABŞ-ın strateji müttəfiqidir, bu müttəfiqlik əlaqələrinə sadiq qalır, bundan sonra da bu siyasəti davam etdirmək əzmindədir.

"Əlbəttə, biz Dağlıq Qarabağda əziyyət çəkən, yardıma ehtiyac olanlara yardım edilməsinin əleyhinə deyilik. Amma Dağlıq Qarabağda belə yardıma ehtiyacı olan insanlar varsa, bu da azərbaycanlı icmasıdır. Onlar öz yurd-yuvalarından didərgin salınıb, neçə illərdir çadırlarda yaşamağa məcbur ediliblər. Bizim də tələblərimiz ondan ibarətdir ki, ABŞ cəmiyyəti bu məsələləri nəzərə alsın. İstər-istəməz bu yardımlar Dağlıq Qarabağda etnik separatizmin güclənməsinə xidmət göstərir, problemin nizamlanmasına mənfi təsir göstərir. Azərbaycanın Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası, Parlamenti də əhalinin narazılıq əhval-ruhiyyəsindən çıxış edərək ABŞ-a belə müraciətlər ünvanlayır", - Həsənov əlavə edib.

Həsənov bildirib ki, ABŞ dünya siyasəti yürüdən dövlətdir və onun qəbul etdiyi qərarlar konqresmenlərin təsadüfi olaraq irəli sürdüyü təkliflər üzərində qurula bilməz.

Dekabrın 8-də ABŞ Konqresinin Senat və Nümayəndələr Palatası üzvlərinin birgə konfransında ABŞ dövlət qurumlarının 2010-cu maliyyə ili üzrə büdcələri barədə ümumiləşdirilmiş qanun layihəsi qəbul edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti