...

Türkiyə Baş nazirinin Rusiyada Qarabağ məsələsini gündəmə gətirməsi problemin həllinə müsbət təsir göstərəcək – hakim partiyanın icra katibinin müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Yanvar 2010 18:07 (UTC +04:00)
Azərbaycanın hakim partiyası icra katibinin müavini hesab edir ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiya rəhbərləri ilə görüşü zamanı Qarabağ məsələsinin ətraflı şəkildə gündəmə gətirilməsi bu problemin həllinə müsbət təsir göstərə bilər.
Türkiyə Baş nazirinin Rusiyada Qarabağ məsələsini gündəmə gətirməsi problemin həllinə müsbət təsir göstərəcək – hakim partiyanın icra katibinin müavini

Azərbaycan, Bakı, 08 yanvar / Trend , müxbir A.Hüseynbala/

"Türkiyə Baş nazirinin Rusiyada Qarabağ məsələsini gündəmə gətirməsi problemin həllinə müsbət təsir göstərəcək" - bu barədə hakim partiyanın icra katibinin müavini məlumat verir.

Azərbaycanın hakim partiyası icra katibinin müavini hesab edir ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiya rəhbərləri ilə görüşü zamanı Qarabağ məsələsinin ətraflı şəkildə gündəmə gətirilməsi bu problemin həllinə müsbət təsir göstərə bilər.

"Baş nazir Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri Rusiya -Türkiyə münasibətlərində bir sıra məsələlərin həllinə yönəlib. Məlumdur ki, son illər bu dövlətlər arasında ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir. Bir sıra iqtisadi layihələrdə Rusiya və Türkiyənin ortaq maraqları görünməkdədir. Xüsusilə energetika sahəsində bu dövlətlər müəyyən layihələri birgə həyata keçirməkdədirlər", - Trend -un məlumatına görə, cümə günü hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Trend -un arayışı: Ərdoganin Rusiyaya səfəri yanvarın ortalarında gözlənilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

Türkiyə və Rusiyanın hələ SSRİ dövründə müəyyən problemlərinın olduğunu xatırladan Qurbanlının sözlərinə görə, hazırda iki ölkənin münasibətlərinin yaxşılığa doğru inkişaf etməsi müşahidə olunur: "Bu dövlətlər arasında yaxınlaşma, iqtisadi-siyasi münasibətlərin dərinləşməsi, nəticə etibarilə Cənubi Qafqazdakı problemlərin həllinə müsbət təsir göstərir", - icra katibinin müavini əlavə edib.

Qurbanlı Türkiyə mətbuatına istinadən deyib ki, səfər zamanı aparılan danışıqlarda Qarabağ məsələsi də gündəmdə olacaq: "Bu təsadüfi deyil, çünki Türkiyə Cənubi Qafqazda sülh və əmin-amanlıq yaradılması üçün müxtəlif layihələr ortaya qoyub. Xüsusilə Qafqazda sülh və sabitlik aktı ideyasını irəli sürüb. 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi zamanı Türkiyə bu bölgədə sülhün yaradılması üçün ən çox səy göstərən dövlətlərdən biri kimi çıxış edib", - hakim partiyanın rəsmi nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, Ərdoğanın Rusiya rəhbərləri ilə görüşü zamanı Qarabağ məsələsinin ətraflı şəkildə gündəmə gətirilməsi bu problemin həllinə müsbət təsir göstərə bilər: "Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir, Türkiyə isə Minsk qrupunun üzvü və böyük bir dövlətdir. Rusiyanın Ermənistana təsir imkanları kifayət qədər böyükdür. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi Rusiyanın da maraq dairəsindədir. Ona görə ki, bu gün sərhədlərin açılması iqtisadi cəhətdən ağır vəziyyətdə olan Ermənistana "nəfəs" vermiş olardı", - o, xatırladıb.

Qurbanlı deyib ki, bütün bunlara baxmayaraq, Türkiyənin mövqeyi aydındır: "Qarabağ məsələsi həll edilmədən sərhədlər açılmayacaq. Bu baxımdan, gözlənilən səfərdə hesab edirəm ki, bir sıra kompleks məsələlərin müzakirəsi müsbət nəticələrin əldə olunmasına gətirib çıxaracaq", - icra katibinin müavini qeyd edib.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti