...

Rusiya-Türkiyə yaxınlaşması Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir edə bilər - Türkiyə Baş nazirinin müşaviri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Yanvar 2010 10:32 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Avrasiya üzrə müşaviri Qeybulla Qeybullayev hesab edir ki, Rusiya-Türkiyə yaxınlaşması Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir edə bilər.

Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Avrasiya üzrə müşaviri Qeybulla Qeybullayev hesab edir ki, Rusiya-Türkiyə yaxınlaşması Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir edə bilər.

"Rusiya-Türkiyə yaxınlaşması Dağlıq Qarabağ problemini tam olaraq həll etməsə də, münaqişənin həllinə müsbət təsir edə bilər", - bazar ertəsi Qeybullayev Ankaradan telefonla Trend -a bildirib.

Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan yanvarın 12-də Rusiya hökumətinin başçısı Vladimir Putinin dəvəti ilə Moskvaya ikigünlük rəsmi səfər edəcək. Ərdoğanın Moskvaya səfəri zamanı Rusiya və Türkiyə arasındakı əlaqələrin gələcəkdə inkişafı məsələləri, xüsusilə də Vladimir Putinin keçən ilin avqust ayında Ankaraya səfəri zamanı müzakirə edilən enerji və iqtisadi əməkdaşlıq məsələləri və Dağlıq Qarabağ problemi müzakirə ediləcək.

Qeybullayevin sözlərinə görə, Türkiyə ilə Rusiya arasındakı iqtisadi münasibətlərin yaxşılaşması sonda bir dialoqun olmasına gətirib çıxaracaq.

"Türkiyə-Rusiya iqtisadi dialoqu uğurlu olsa, bir çox siyasi məsələlərin həllinə, o cümlədən Qafqazda stabillik və sülh platformasının reallaşmasına yol açıla bilər", - o qeyd edib.

Onun sözlərinə görə, Türkiyə, siyasətinin bir hissəsi olan Qarabağ problemini heç vaxt özündən uzaqlaşdırmasa da, problemi hələ də həll edə bilməyib.

Qeybullayev onu da əlavə edib ki, Dağlıq Qarabağ mövzusu ƏrdoğanPutin görüşməsinin ayrılmaz hissəsi olacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd DavudoğluEdvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

Xəbər lenti

Xəbər lenti