...

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsində status-kvo-nun saxlanılmasının yolverilməzliyini dərk edir – Azərbaycan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Yanvar 2010 17:33 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi 2009-cu ili Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə intensiv danışıqlar ili kimi səciyyələndirib.
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsində status-kvo-nun saxlanılmasının yolverilməzliyini dərk edir – Azərbaycan XİN

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycan Xarici İşlər Nazirliyi 2009-cu ili Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə intensiv danışıqlar ili kimi səciyyələndirib.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentləri arasında il ərzində altı, xarici işlər nazirləri arasında isə bir neşə görüşün keçirilməsi buna dəlalət edir. Eyni zamanda, il ərzində beynəlxalq ictimaiyyətin də münaqişəyə diqqəti kifayət qədər yüksək olub. Bu barədə Azərbaycan XİN-in ilin yekununa dair məlumatında deyilir.

Beynəlxalq ictimaiyyət münaqişədə status-kvo-nun saxlanılmasının yolverilməzliyini və münaqişənin tezliklə həllinin zəruriliyini dərk edir. Cari ilin iyulunda "Böyük Səkkizliyin" İtaliyanın L'Akuila şəhərində keçirilmiş sammitində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatı, habelə dekabrın 1-də ATƏT-in Nazirlər Şurası çərçivəsində ATƏT-in Minsk Qrupunun rusiyalı, fransalı, amerikalı həmsədrlərinin və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatının qəbul olunması münaqişənin nizamlanmasına münasibətdə ən yüksək səviyyədə diqqətin olduğunu göstərir, məlumatda deyilir.

"Münaqişənin nizamlanmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Münaqişə yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır. Bu mövqe beynəlxalq hüququn prinsip və normaları, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin tənzimlənməsi çərçivəsində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır", - Azərbaycanın xarici siyasət idarəsi qeyd edir.

"Münaqişənin sülh yolu ilə nizamlanması üzrə aparılan danışıqlar məhz bu prinsiplərdən irəli gələn detalların razılaşdırılmasına yönəlib", - XİN qeyd edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər icra etməyib.

Xəbər lenti

Xəbər lenti