Fransa, Strasburq, 27 fevral / Trend , müxbir A.Məhərrəmli/ "Xocalıya ədalət" kampaniyası çərçivəsində Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən Strasburqda yerləşən Avropa Parlamentlər Assosiasiyasının binasında XX-ci əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş anma mərasimində TREND Beynəlxalq İnformasiya Agentliyi tərəfindən erməni vandalizminə dair hazırlanmış "Sözün bitdiyi zaman" sənədli filmi nümayiş etdirilib. Bu barədə Trend -a Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyindən məlumat verilib.
Mərasim iştirakçılarına Xocalı soyqırımına, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinə dair Heydər Əliyev Fondu tərəfindən müxtəlif dillərdə nəşr edilmiş əyani və video materiallar təqdim edilmiş, ermənilərin xalqımıza qarşı törətdiyi terror və soyqırımı aktları barədə geniş məlumat verilib.
Mərasimi giriş sözü ilə açan Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, Səfir Arif Məmmədov ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş, insanlıq tarixində ən dəhşətli cinayətlərdən biri olan bu soyqırımın əsl mahiyyətini açıqlayıb, faciəni törədənlərin layiqli cəzalarını alacaqlarını və haqq-ədalətin öz yerini tapacağını bildirib. Səfir Heydər Əliyev Fondunun Azərbaycan həqiqətləri, o cümlədən, faciə barədə avropalılara ətraflı və düzgün məlumat vermək sahəsində apardığı işləri diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə qonaqlara gəldikləri üçün təşəkkür edərək qeyd edib ki, Xocalı faciəsinin ildönümü həm Azərbaycanda, həm də dünyanın əksər ölkələrində yad edilir. Məqsədimiz Xocalı faciəsi haqqında dünya ictimaiyyətinə geniş məlumat verməkdir.
"Bu faciəni yaşadanlar hüquqi məsuliyyət cəlb olunmasa da, məqsədimiz onların mənəvi əzab çəkmələri və iç üzlərinin dünya ictimaiyyətinə göstərməkdir. Bu qətliamı törədənlər hazırda Ermənistan hakimiyyətində yüksək vəzifələrdə təmsil olunurlar. Bu faciəni törətməkdə ermənilərin məqsədi təkcə dinc əhalini vəhşicəsinə qətlə yetirmək və Xocalını işğal etmək deyildi. Onların məqsədi bütün Azərbaycan xalqını qorxu içində saxlamaq və hər bir azərbaycanlını belə bir faciə gözlədiyini göstərmək idi. Bu faciə təkcə Azərbaycan xalqının ən böyük faciəsi deyil, bu, həmçinin bütün dünyanın faciəsidir, çünki dünya ictimaiyyəti belə faciələrə göz yumduqca, onların yenidən baş verməsi ehtimalı hələ də qalır. Beynəlxalq ictimaiyyət buna lazımı qiymət verməli və onları törədənləri qınamalıdır" - millət vəkili qeyd edib.
Sonra çıxış edən Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev qonaqlara Azərbaycan xalqının dəhşətli faciəsinə şərik olduqları üçün minnətdarlığını bildirib, Xocalı faciəsinin tariximizin ən dəhşətli və qanlı səhifələrindən biri olduğunu vurğulayıb, ermənilər tərəfindən törədilən qırğının ağır nəticələrindən danışıb, tədbir iştirakçılarına faciənin bir sıra dünya ölkələrində anıldığını bildirib. O, dünya ictimaiyyəti tərəfindən bu dəhşətli faciəyə hələ də hüquqi-siyasi qiymət verilmədiyini qeyd edib və Azərbaycan xalqının haqq səsinin həmişə dəstəklənməsini qonaqların diqqətinə çatdırıb.
Sənədli film "Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu"nun layihəsi çərçivəsində Trend Xəbərlər Şirkəti tərəfindən hazırlanıb.
Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150-nin taleyi indi də məlum deyil.