...

Fransa və Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli üçün təzyiq vasitələri azdır - ekspertlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Mart 2010 09:00 (UTC +04:00)
Fransa və Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsi üçün təzyiq vasitələri azdır, baxmayaraq ki, bu məsələdə onların baxışları üst-üstə düşür. Ekspertlər belə hesab edir.
Fransa və Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli üçün təzyiq vasitələri azdır - ekspertlər

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir E.Tarıverdiyeva/

Fransa və Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsi üçün təzyiq vasitələri azdır, baxmayaraq ki, bu məsələdə onların baxışları üst-üstə düşür. Ekspertlər belə hesab edir.

"Bu, Moskva və Paris arasında mövqelərin üst-üstə düşdüyü təhlükəsiz mövzulardan biridir, - Trend -a The Heritage Foundation-ın (ABŞ) Rusiya, Avrasiya və beynəlxalq enerji təhlükəsizliyi istiqaməti üzrə rəhbəri, politoloq Ariel Koen bildirib. - Lakin mən tərəflərin hazırkı strateji mövqelərinin dəyişdirilməsi üçün Rusiya və ya Fransanın Ermənistana dair təklif edə biləcəkləri real təzyiq vasitəsini görmürəm. Bu bəyanat status-kvonu dəyişmir və belə bəyanat Yerevanın mövqeyini dəyişməyəcək".

Son vaxtlar Paris Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini nəzərəçarpacaq dərəcədə canlandırıb.

Rusiya və Fransa Dağlıq Qarabağda vəziyyətin nizamlanması üzrə əməkdaşlığı sıx şəkildə davam etdirmək niyyətindədir. Bu barədə fevralın sonlarında Fransa Prezidenti Nikola Sarkozi Rusiya lideri Dmitri Medvedevlə danışıqlarının yekunları ilə bağlı bildirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisə səfəri zamanı Fransa Prezidenti Nikola Sarkozinin xarici siyasi məsələlər üzrə köməkçisi Jan-David Levit ilə görüşüb. Bu barədə Trend News-a Azərbaycan XİN-in nümayəndəsi Elxan Poluxov məlumat verib.

Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Azərbaycan XİN başçısı Azərbaycanın mövqeyini fransalı müşavirin diqqətinə çatdırıb.

Öz növbəsində fransalı diplomat deyib ki, Fransa Prezidenti Nikola Sarkozinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə məsələyə şəxsi müdaxilə və münaqişənin nizamlanmasına dair səylərin davam etdirilməsi ilə bağlı verdiyi vəd qüvvədə qalır.

"Dağlıq Qarabağ problemində "sülh dinamikası"nın bərpası üçün Yerevan və Bakı kompromisə gəlməlidir", - Fransa Prezidenti Nikola Sarkozi belə hesab edir. O, bu barədə martın 10-da Ermənistan lideri Serj Sarkisyanla görüşündə bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər ATƏT-in Minsk Qrupunun himayəsi və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə atəşkəs rejimi əldə ediblər. Lakin uğursuz sülh danışıqları hələ də davam edir.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ regionun və işğal edilmiş ərazilərin azad edilməsinə daur dörd qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilmir.

Müşahidəçilərin fikrincə, Fransa və Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə təşəbbüsləri ABŞ-ın Cənubi Qafqazdakı maraqları ilə mütləq toqquşacaq.

Azərbaycanlı politoloq Tofiq Abbasovun fikrincə, Sarkozi üçün Moskva əhəmiyyət daşıyır. Lakin bu problem çərçivəsində Fransa Prezidentinin ABŞ-a səfəri Qafqaz regionunda "işlərin təbiətinə" təsir göstərə bilər.

"Paris müasir geosiyasətin bir çox problemləri üzrə Vaşinqtonla ehtiyatla hərəkər edir, - Trend -a azərbaycanlı politoloq Abbasov deyib. - Zənnimcə, Dağlıq Qarabağ problemi də bu seriyadandır".

Koenin fikrincə, problem ondadır ki, Avropa İttifaqı bu gün faktiki olaraq səmərəli xarici siyasi oyunçu kimi fəaliyyət göstərmir. "Onun dəqiq koordinasiya olunmuş xarici siyasi kursu yoxdur və belə kursun həyata keçirilməsi üçün mexanizmi zəifdir. Hər paytaxt öz maraqları uğrunda mübarizə aparır. Prezidentin və xarici işlər nazirinin statusu aşağıdır", - o bildirib.

"Nə qədər ki, Avropa İttifaqı, sanksiyaların tətbiqi də daxil olmaqla - hələ ümumi silahlı qüvvələr haqqında danışmırıq - xarici siyasi qərarların hazırlanması və icrası ilə bağlı səmərəli prosesə malik deyil, o, böyük geosiyasətdə səmərəli oyunçu rolunda çıxış edə bilməz", - Koen hesab edir.

Lakin Brüsseldə Avropa Siyasəti Mərkəzinin baş əməkdaşı Amanda Pol iki tərəf arasında münaqişəsinin həllində Rusiya və Aİ-nin roluna nikbin yanaşır.

"Bu gün Rusiya, Avropa İttifaqı və ABŞ münaqişənin həlli ilə bağlı bir çox məsələdə razılaşırlar, - o deyib. - Hər üç tərəf Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və qoşunların Dağlıq Qarabağa bitişik rayonlardan çıxarılmasına tərəfdardır".

Polun sözlərinə görə, Rusiyanın bundan əvvəl söylədiyi fikirlər ATƏT-in Minsk qrupunun digər iştirakçılarının fikri ilə ziddiyyət təşkil edir. Lakin bir neçə il öncə Rusiya regionda digər beynəlxalq oyunçuların xeyrinə problemin həllinə yanaşmasını dəyişmişdi.

Ekpertlər hesab edirlər ki, ən əsası Yerevanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini yubatmağa yol verməməkdir.

Abbasovun sözlərinə görə, Paris bildirir ki, tərəflərin münaqişənin həlli üçün razılaşdırılmış model kimi Madrid prinsiplərini müzakirə etməsini dəstəkləyir.

"ATƏT-in Minsk qrupu ölkələrinin inadkarlığı və dönüşə meyilli olması Yerevana ciddi təsir göstərməlidir. Çünki məhz ermənilər həmişə hiyləgərlik edir, müzakirələrin predmetini yayındırır və bu yanaşma ilə də yekun sənədin hazırlanmasını yubadırlar", - Abbasov bildirib.

"Bir müstəvidə iki problemin - 100 illik Ermənistan-Türkiyə və 22 illik Ermənistan-Azərbaycan problemlərinin qovuşduğu vaxtda qətiyyətin məcburi sinxronlaşdırılması təmin olunmalıdır, əks halda Qafqazda hələ uzun müddət sabitlik olmayacaq", - Abbasov hesab edir.

"Odur ki, həmsədr ölkələr Ermənistanı "xüsusi həvəsləndirici" münasibətlə əzizləməməlidir. Fransa da bu mənadə "günah edir". Ancaq əbəs yerə. İqtisadi baxımdan Fransanın Azərbaycanda daha çox maraqları var, nəinki Ermənistanda", - Abbasov deyib.

Xəbər lenti

Xəbər lenti