...

Azərbaycan XİN yenilənmiş Madrid prinsiplərinin Yerevan tərəfindən qəbul olunmasını müsbət qiymətləndirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Mart 2010 16:39 (UTC +04:00)
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rəsmi Yerevanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yenilənmiş Madrid prinsiplərinin qəbul edilməsi faktını müsbət qiymətləndirib.
Azərbaycan XİN yenilənmiş Madrid prinsiplərinin Yerevan tərəfindən qəbul olunmasını müsbət qiymətləndirir

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir S.Ağayeva/

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rəsmi Yerevanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yenilənmiş Madrid prinsiplərinin qəbul edilməsi faktını müsbət qiymətləndirib.

Madrid prinsipləri danışıqlar masasında qalmaqda davam edir. Bu barədə cümə axşamı Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan bildirib. "Biz danışıqları bu prinsiplər əsasında davam etdiririk. Bütün bu proses ərzində Minsk qrupunun həmsədrləri tərəfindən dəfələrlə işgüzar təkliflər təqdim edilib və indi də həmin işgüzar təkliflər olunub", - o deyib. Məlumatı Mediamaks agentliyi yayıb.

"Bu, danışıqlar prosesinin davam etdirilməsinə və münaqişənin nizamlanması üzrə iri müqavilə üzərində işlərə başlamağa imkan yaradacaq", - nazir mətbuat konfransında jurnalistlərə bildirib. Onun sözlərinə görə, Minsk qrupunun həmsədrləri nazirlə hələ ki əlaqə saxlamayıblar.

"Vasitəçilərlə gələcək addımları müzakirə etmək lazımdır", - Məmmədyarov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş digər ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti