...

Türkiyənin ATƏT-in Minsk qrupuna həmsədr təyin olunması ilə bağlı təkliflər zərurətdən irəli gəlir - deputat Aydın Mirzəzadə

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 May 2010 12:20 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Siyasi Şurasının üzvü hesab edir ki, Türkiyənin ATƏT-in Minsk qrupuna həmsədr təyin olunması ilə bağlı təkliflər zərurətdən irəli gəlir.
Türkiyənin ATƏT-in Minsk qrupuna həmsədr təyin olunması ilə bağlı təkliflər zərurətdən irəli gəlir - deputat Aydın Mirzəzadə

Azərbaycan, Bakı, 04 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyası Siyasi Şurasının üzvü hesab edir ki, Türkiyənin ATƏT-in Minsk qrupuna həmsədr təyin olunması ilə bağlı təkliflər zərurətdən irəli gəlir.

"Türkiyə regiona çox ciddi təsir imkanlarına malikdir. Türkiyənin ATƏT-in Minsk qrupunda həmsədrlik məsələsi həmsədrlik institutu yaranandan indiyədək vaxtaşırı müzakirə olunur", - Trend-in məlumatına görə, çərşənbə axşamı Yeni Azərbaycan Partiyasının internet saytına Siyasi Şuranın üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.

Mirzəzadənin sözlərinə görə, prosedur qaydası belədir ki, həmsədrlik institutu Azərbaycan və Ermənistan tərəfi ilə mütləq razılaşdırılmalıdır.

"Ermənistanın daim tutduğu anti-Türkiyə mövqeyi qardaş dövlətin həmsədrliyni rəsmi surətdə reallaşdırmağa mane olur. Rəsmi olmasa da, Türkiyə proseslərdə çox fəal iştirak edir. Türkiyə faktorunu Dağlıq Qarabağ probleminin həllində istisna etmək olmaz", - millət vəkili əlavə edib.

Onun fikrincə, Türkiyənin məsələ ilə bağlı mövqeyi, şübhəsiz ki, Azərbaycan cəmiyyətinin diqqətindədir və buna görə də türk qardaşlarımıza minnətdarıq. "Həmsədrlik məsələsi isə zərurətdən doğur, problemin daha dərindən və tez həlli istəyindən yaranır. Amma bir məsələ də var ki, həmsədr olsa da, olmasa da, Türkiyə bu prosesdə iştirak edir. Eyni zamanda, məqsəd təkcə Türkiyəni həmsədr görmək deyil, bütövlükdə münaqişəni həll etməkdir", - komitə sədrinin müavini vurğulayıb.

Mirzəzadə deyib ki, Azərbaycan ictimaiyyəti həmsədr ölkələri fəal olmağa, problemə obyektiv qiymət verməyə çağırır. "Təəssüf ki, son bir neçə il istisna olmaqla, həmsədrlər 10 ildən çox müddətdə formal fəaliyyət göstərdilər. Zamanı boş yerə itirdilər. Artıq problemin həlli vaxtı çatıb və həmsədrlər öz üzərlərinə düşən vəzifəni yerinə yetirməlidirlər. Ermənistan beynəlxalq hüquq normalarına hörmətə çağırılmalıdır", - Siyasi Şura üzvü xatırladıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti