Azərbaycan, Bakı, 5 may /Trend, müxbir M.Əliyev/
Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Ermənistanın istədiyi vaxtın müddəti bitib.
"Ermənistan münaqişənin həlli ilə bağlı iki həftə vaxt istəyib, lakin bu vaxtdan artıq bir neçə ay keçib, heç bir reaksiya yoxdur", - Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çərşənbə günü jurnalistlərə bildirib.
Trend-in arayışı: ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli ilə bağlı Madrid prinsiplərinin yeni variantını hazırlayaraq, Azərbaycan və Ermənistan tərəfinə təqdim edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Məmmədov deyib ki, hazırda həmsədrlər tərəfindən işlər gedir, onlarla əlaqə saxlanılır.
"Həmsədrlər deyib ki, yaxın zamanlarda Ermənistan öz mövqeyini açıqlayacaq. Qaldırılan məsələlər münaqişənin həllində ən düzgün yoldur, bunu Ermənistan yaxşı başa düşməlidir. Həm də həmsədr ölkələrin başçıları üçün mesaj olmalıdır ki, Azərbaycan sizin hazırladığınız layihə ilə razıdır və bununla bağlı Ermənistana təzyiq göstərməklə məsələnin həllinə nail olmaq mümkündür", - Məmmədov əlavə edib.