...

Azərbaycan Dağlıq Qarabağda qondarma "seçkilər"də bütün beynəlxalq müşahidəçiləri "arzuolunmaz şəxs" elan edəcək – XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 May 2010 17:38 (UTC +04:00)
Azərbaycan Dağlıq Qarabağda qondarma "seçkilər"də iştirak edəcək bütün beynəlxalq müşahidəçiləri "arzuolunmaz şəxs" (persona non qrata) elan edəcək.
Azərbaycan Dağlıq Qarabağda qondarma "seçkilər"də bütün beynəlxalq müşahidəçiləri "arzuolunmaz şəxs" elan edəcək – XİN

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Dağlıq Qarabağda qondarma "seçkilər"də iştirak edəcək bütün beynəlxalq müşahidəçiləri "arzuolunmaz şəxs" (persona non qrata) elan edəcək.

"Dağlıq Qarabağ separatçı rejimi tərəfindən keçiriləcək "parlament seçkiləri" qanunsuzdur və bu "seçkilərin" gedişini izləmək istəyən bütün beynəlxalq müşahidəçilər "arzuolunmaz şəxslər" elan ediləcək. Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Azərbaycan tərəfinin icazəsi olmadan bu əraziyə gələn istənilən şəxs "arzuolunmaz şəxs" elan edilir və gələcəkdə o, Azərbaycana səfər edə bilməyəcək", - çərşənbə günü Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov bildirib.

Mayın 23-də Dağlıq Qarabağ separatçı rejimi "parlament seçkiləri" keçirir.

ATƏT-in Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi, hazırda Demokratiya və Əməkdaşlıq İnstitutunun Paris ofisinin nümayəndəsi Moris Bono "seçkilərin" gedişini müşahidə edəcək. Bu barədə erməni KİV yazır.

Bir az əvvəl Azərbaycan XİN Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda "seçkilərin" keçirilməsi ilə əlaqədar rəsmi etirazını ifadə edib.

Bu kimi "seçkilər"in keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur, çünki sözügedən "seçkilər" Dağlıq Qarabağın əzəli azərbaycanlı əhalisi olmadan aparılır və beləliklə, heç bir hüquqi qüvvəyə malik deyil.

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən hər hansı seçkilər yalnız o vaxt ədalətli və azad qiymətləndirilə bilər ki, oradan qovulmuş azərbaycanlı əhali həmin seçkilərin keçirilməsində bütünlüklə, birbaşa və bərabər şəkildə bölgənin erməni əhalisi ilə birgə qanuni və demokratik seçkilərdə iştirak etsinlər. Bu cür seçkilərin keçirilməsi yalnız erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, bölgədə həyatın normallaşdırılması, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpası üçün zəruri şəraitin yaradılmasından sonra mümkün olacaq", - bəyanatda deyilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Dağlıq Qarabağa "parlament seçkiləri"nin gedişinin monitorinqi üçün fərdi şəxsin getməsinə gəldikdə, bu, onun hüququdur. Lakin oraya ATƏT-nin Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsinin, bir vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Cənubi Qafqazda vəziyyətin sabitləşməsi ilə bağlı məsələləri həll etməli olan çox böyük səlahiyyətlərə malik şəxsin getməsi isə onun bu postu tutarkən əslində nə qədər obyektiv olması təəccüb və şübhə doğurur. Bu barədə Trend-ə azərbaycanlı politoloq Fikrət Sadıqov bildirib.

"Ona görə də biz neçə illərdir ki, Dağlıq Qarabağ probleminin həlli üzərində mübarizə aparırıq. Məhz Bono kimi və ona bənzər diplomatlar birtərəfli mövqe tutaraq Azərbaycanın daxilində separatizmi dəstəkləyir və münaqişənin həllində və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində maraqlı deyillər", - politoloq bildirib.

"Əslində, bu, Azərbaycanın uzun illər bu mürəkkəb, çoxillik münaqişəli vəziyyəti həll etməyə çalışdığı zaman üzləşdiyi gerçəkliyin real əksidir", - Sadıqov bildirib.

Xəbər lenti

Xəbər lenti