...

Azərbaycanın müxalif partiyası hakimiyyətlə əməkdaşlıq etmək niyyətindədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyul 2010 11:57 (UTC +04:00)
Azərbaycanın müxalif Milli-İstiqlal Partiyası hakimiyyətlə əməkdaşlıq etmək niyyətindədir.
Azərbaycanın müxalif partiyası hakimiyyətlə əməkdaşlıq etmək niyyətindədir

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir T. Hacıyev/

Azərbaycanın müxalif Milli-İstiqlal Partiyası hakimiyyətlə əməkdaşlıq etmək niyyətindədir. Trend-in verdiyi məlumata görə, bu barədə AMİP-in X qurultayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaydığı bəyanatda bildirilir.

"Partiya Azərbaycana yönəlik təzyiqlərin dəf edilməsini, təcavüzün vurduğu ağır nəticələrin aradan qaldırılmasını, bir milyon qaçqının öz evlərinə qayıtmasını, Dağlıq Qarabağ probleminin həllini milli birlikdə, qarşılıqlı etimadda görür və bu istiqamətdə hakimiyyətlə əməkdaşlıq niyyətini bəyan edir", - bəyanatda qeyd olunur.

AMİP Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılmasını təkcə regionda deyil, eləcə də beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əngəl, separatizmin və terrorizmin geniş vüsət almasında vasitə kimi qiymətləndirir.

Partiya münaqişənin hərbi yolla həll olunmasını məqbul sayır və ATƏT çərçivəsində, eləcə də bu istiqamətdə aparılan danışıqların dayandırılmasını zəruri hesab edir.

AMİP Azərbaycan daxilində yaşayan azlıqlara eyni gözlə baxır, hər hansı etnik azlığa digərlərindən fərqli müstəsna hüquqların verilməsinin qəti əleyhinədir.

Partiya yenilənmiş "Madrid prinsipləri"ndə nəzərdə tutulan şərtləri Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə, eyni zamanda, beynəlxalq konvensiyalara, hamılıqla qəbul edilmiş ümumi normalara zidd hesab edir. Azərbaycan dövləti milliyyətindən, dinindən, dilindən, irqindən, fərqli mədəniyyətlərə sahibliyindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və təhlükəsizliyini özü qorumalı, onların gələcək inkişafına münbit şərait yaratmalı, hər hansı ad altında xarici müdaxiləyə imkan verməməlidir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti