Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir M.Əliyev/
Ermənistan silahlı qüvvələri ötən gecə atəşkəs rejimini bir neçə istiqamətdə pozub.
Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-də saat 07:40-dan 07:55-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 11:25-dən 11:45-dək, saat 16:50-dən 17:20-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Digər tərəfdən, Ermənistan hərbçiləri saat 20:05-dən 20:30-dək, saat 22:45-dən 23:05-dək Göy göl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22:00-dan 22:15-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 22:00-dan 22:15-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.