...

Kosovonun müstəqilliyi haqqında qərar, Dağlıq Qarabağ da daxil olmaqla, digər belə münaqişələr üçün presedent deyil – ekspertlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2010 12:14 (UTC +04:00)
Dağlıq Qarabağın azadlığının tərəfdarlarının istinad edə biləcəyi beynəlxalq hüquq çox vaxt siyasi maraqlara uyğun istiqamətlənir. Buna görə də BMT Beynəlxalq Məhkəməsinin Kosovonun müstəqilliyi haqqında konsultativ qərarı, Dağlıq Qarabağ da daxil olmaqla, digər belə münaqişələr üçün presedent olmayacaq, - ekspertlər belə hesab edirlər.
Kosovonun müstəqilliyi haqqında qərar, Dağlıq Qarabağ da daxil olmaqla, digər belə münaqişələr üçün presedent deyil – ekspertlər

Аzərbaycan, Bakı, 24 iyul /Trend, müxbir E.Tarıverdiyeva/

Dağlıq Qarabağın azadlığının tərəfdarlarının istinad edə biləcəyi beynəlxalq hüquq çox vaxt siyasi maraqlara uyğun istiqamətlənir. Buna görə də BMT Beynəlxalq Məhkəməsinin Kosovonun müstəqilliyi haqqında konsultativ qərarı, Dağlıq Qarabağ da daxil olmaqla, digər belə münaqişələr üçün presedent olmayacaq, - ekspertlər belə hesab edirlər.

"Kosovonun müstəqilliyini dəstəkləyn tərəfdarların Dağlıq Qarabağa nisbətən daha güclü siyasi lobbisi var idi", - rusiyalı ekspert Mixail Remizov belə hesab edir. - "Bu, əhəmiyyətli dərəcədə hüquqi deyil, siyasi qərar idi".

Cümə axşamı BMT Beynəlxalq Məhkəməsinin sədri Xisasi Ovada (Yaponiya) Haaqada keçirilən açıq iclas zamanı konsultativ qərarı oxudu. Bu qərarda deyilir ki, 2008-ci ilin fevralında Kosovo diyarının müstəqilliyinin elean olunması beynəlxalq normalara zidd deyil.

BMT Beynəlxalq Məhkəməsinin konsultativ qərarı məcburi qüvvələrə malik olmasa da, bir çox siyasi nəticələrə səbəb ola bilər.

Kosovonun alban hakimiyyəti 2008-ci il fevralın 17-də ABŞ-ın və bir sıra Aİ ölkələrinin dəstəyi ilə birtərəfli qaydada diyarın müstəqilliyini elan edib. İndiyədək Kosovonun müstəqilliyini BMT üzvü olan 192 ölkədən 69-u tanıyıb.

Kosovo diyarı BMT-nin inzibati idarəçiliyi və BMT TŞ-in 1244 saylı qətnaməsinə uyğun olaraq, 1999-cu ilin yayından NATO rəhbərliyi ilə KFOR (Kosovo Force) beynəlxalq qüvvələrinin nəzarəti altındadır. BMT TŞ-in 1244 saylı qətnaməsi Yuqoslaviya müttəfiq respublikalarının (hazırkı Serbiya) ərazi bütövlüyünü dəstəkləyir, eləcə də Kosovonun yekun statusu haqqında qərarın qəbul edilməsini zəruri hesab edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Ekspertlərin fikrincə, Ermənistanın Kosovo məsələsindən faydalanmaq cəhdləri nəticəsiz qalacaq, belə ki, Dağlıq Qarabağ və Kosovo münaqişəsini müqayisə etmək olmaz.

"Bu da faktdır ki, Dağlıq Qarabağdan fərqli olaraq, Kosovonu bu on il ərzində bir çox dövlətlər tanıyıb, ona görə də dünya ictimaiyyəti tərəfindən münaqişələrə yanaşma metodu müxtəlifdir", - alman politoloqu Aleksandr Rar hesab edir. Onun sözlərinə görə, Kosovonun müstəqilliyi bir çox ağır hüquqi proseslərdən keçib və nəticəsi başqa cür ola da bilməzdi.

"Dağlıq Qarabağ dünyada Ermənistandan başqa heç bir dövlət tərəfindən tanınmayıb, buna görə də bu münaqişəni Kosovo ilə müqayisə etmək çətindir", - Rar hesab edir.

"Mən belə hesab edirəm ki, dünya ictimaiyyətinin Dağlıq Qarabağa münasibətində bilavasitə rolu Azərbaycana Serbiyaya olduğu kimi yanaşmayan dövlətlər oynayacaq", - bu barədə Trend-ə telefon vasitəsilə Berlindən AFR-in Xarici siyasət şurasının "Rusiya-Avrasiya" Mərkəzinin direktoru Rar deyib.

Onun fikrincə, ölkənin real siyasətində əsas prioritet beynəlxalq hüquq deyil, regionun sabitliyi hesab olunur. "Hazırda heç bir tərəfdən Dağlıq Qarabağın müstəqilliyini tanımağa cəhd yoxdur və belə hesab edirəm, regionda status-kvo hələ bir neçə müddət saxlanılacaq", - o deyib.

Azərbaycanlı politoloq Rasim Musabəyovun sözlərinə görə, Kosovo və Dağlıq Qarabağ - eyni məsələlər deyil. "Bu gün Avropanın xəritəsində Dağlıq Qarabağı heç kim müstəqil dövlət kimi görmür və tanımır, buna görə də fərq çoxdur", - bu barədə Trend-ə Musabəyov bildirib.

Remizovun sözlərinə görə, Dağlıq Qarabağın müstəqilliyinin tanınması üçün ilkin şərait, zəmin yoxdur, siyasi qüvvələr, dünya ictimaiyyəti Azərbaycanın tərəfindədir.

Müşahidəçilər belə hesab edirlər ki, Beynəlxalq Məhkəmənin Kosovonun müstəqilliyi haqqında qərarı digər belə münaqişələr üçün heç bir rol oynamayacaq.

Vaşinqtonun Brukinqs İnstitutunun eksperti Bryus Consun sözlərinə görə, "Bəziləri bundan presedent kimi istifadə etməyə can atsalar da, bu vəziyyətdə kontrarqumentlər çox güman ki, çox güclü olacaq. Bunu presedent kimi hesab edənlər çox yaxında anlayacaqlar ki, hər hansısa siyasi məqsədlərə nail olmaq üçün məhkəmənin qərarına söykənmək mövcud vəziyyətdə praktik olaraq qeyri-mümkün olacaq və separatçı məqsədlər üçün həqiqətdə heç bir əhəmiyyət kəsb etməyəcək", - Cons "Amerikanın səsi" radiosuna verdiyi müsahibəsində deyib.

Remizovun sözlərinə görə, belə məsələlər üzrə hüquqi həllər qəbulolunmazdır, çünki belə vəziyyətdə hər iki ölkənin sübutları vardır.

"Kosovo məsələsində hüquqi əsaslar Serbiya məsələsindən daha güclü idi, lakin Kosovo ilə bağlı siyasi lobbi digər məsələlərlə müqayisədə güclü idi; belə ki, onlar ABŞ-ın tərəfdaşları hesab olunurlar", - o deyib. - "Mən belə hesab etmirəm ki, bu, presedent olacaq, lakin bir çox məsələlər, o cümlədən, Dağlıq Qarabağ münaqişəsində buna istinad edəcəklər".

Remizovun sözlərinə görə, beynəlxalq hüquq heç bir şəkildə birmənalı həllə zəmanət vermir.

Consun sözlərinə görə, beynəlxalq məhkəmənin formulu çox məhduddur, ona görə də hər hansı ümumi prinsiplərə toxunmur. "Biz hazırkı vəziyyətdə bir tərəfdən, beynəlxalq qanunvericilik, digər tərəfdən isə beynəlxalq siyasət prinsipləri arasında aydın bölüşdürücü xətt çəkməliyik", - o deyib.

"Kosovonun müstəqilliyinə siyasi dəstək Haaqada Beynəlxalq Məhkəmə tərəfindən idarə olunan prinsip və əsaslarla məhdudlaşmır", - ekspert hesab edir.

"Buna görə də belə hesab edirəm, qərar gözəçarpacaq dərəcədə hansısa siyasi nəticələrə gətirib çıxaracaq", - Cons deyib.

Musabəyovun sözlərinə görə, ermənilərin Kosovo məsələsi ilə bağlı məhkəmənin qərarından presedent kimi istifadə edəcəkləri şübhə doğurmur.

"Məhkəmənin faktik qərarı ondan ibarətdir ki, əgər sabah kimsə hardasa özünü müstəqil elan etsə, bunda heç bir pozuntu yoxdur", - azərbaycanlı ekspert belə hesab edir.

Xəbər lenti

Xəbər lenti