İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır – XİN başçısı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Sentyabr 2010 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

İran Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll etməyə çağırır. Bu barədə İran XİN başçısı Mənuçöhr Möttəki "PanARMENIAN.Net" saytına müsahibəsində bildirib.

"Tehranın Dağlıq Qarabağla bağlı rəsmi mövqeyhi belədir: İran münaqişə tərəflərini iradə nümayiş etdirməyə və bu problemi sülh yolu ilə həll etməyə çağırır. Biz bu prosesə yardım etməyə hazırıq", - nazir bildirib.

Onun sözlərinə görə, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına yardım, eləcə də münaqişənin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həlli İranın prinsipial siyasətidir. "Biz daim bu siyasətin reallaşdırılmasında qətiyyətli olmuşuq və fikir ayrılıqlarının münaqişə tərəflərinin maraqlarına uyğun olaraq, nizamlanması üçün səy göstərəcəyik", - Möttəki deyib.

Nazirin sözlərinə görə, Qarabağ münaqişəsi İranın qonşuluğunda baş verir və Tehranın təşəbbüsləri yalnız bu istiqamətdə yerdə qalan səylərə əlavə ola bilər. "Bundan əlavə, biz hesab edirik, regional münaqişələr region dövlətlərinin səyləri vasitəsilə nizamlanmalıdır", - nazir əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti